ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət

Sayt hazırlanması

Korporativ saytdan xəbər portalına qədər. Hər layihə sıfırdan, sizin işinizə uyğun qurulur — hazır şablonun üstünə loqo qoyulmur. Aşağıda qiymətin nədən asılı olduğunu, müddəti və təhvildən sonra nə olduğunu açıq yazmışam.

Sayt sifariş edən adamın ən çox çəkindiyi şey budur: pul ödəyirsən, bir neçə həftə sonra sənə gözəl görünən, amma heç nə etməyən bir səhifə verilir. Telefonda baxırsan — dağılıb. Google-da axtarırsan — tapılmır. Bir şey dəyişmək istəyirsən — «əlavə ödəniş» deyilir.

Bu səhifədə sayt hazırlanmasının bütün tərəflərini açıq yazıram: nəyin nə qədər vaxt apardığını, qiymətin nədən asılı olduğunu, nəyin qiymətə daxil olduğunu və saytı təhvil alandan sonra sizi nə gözlədiyini.

Hansı növ saytları qururam

On ildən çox media və texnologiya sahəsində işləyirəm. Qurduğum saytların çoxu iki qrupa düşür: məzmunu çox olan media saytları və konkret bir iş görən biznes saytları.

  • Korporativ saytlar — şirkətin üzü. Xidmətlər, komanda, əlaqə, bəzən karyera bölməsi. Məqsəd: adam sizi axtaranda sizi tapsın və sizə inansın.
  • Xidmət saytları — bir xidməti satan saytlar. Çilingər, klinika, ustalar, təmir, hüquq. Burada əsas şey telefonun görünməsi və adamın beş saniyəyə nə təklif etdiyinizi anlamasıdır.
  • E-ticarət saytları — məhsul kataloqu, səbət, ödəniş, sifariş idarəetməsi. WooCommerce əsasında, Azərbaycan şərtlərinə uyğunlaşdırılmış: yerli ödəniş, çatdırılma, VÖEN sahəsi.
  • Xəbər və media portalları — bu mənim əsas ixtisasımdır. Səsli xəbər, xüsusi idarəetmə paneli, redaksiya iş axını, minlərlə yazıda sürətin qorunması. Ayrıca səhifədə ətraflı yazmışam.
  • Şəxsi saytlar və portfoliolar — jurnalist, həkim, vəkil, fotoqraf. Bioqrafiya, işlər, əlaqə.

Portfoliomda Dergi.az, Liman.az, Minval.info, Bapaz.az, Musavat.com və bir neçə çilingər xidməti platforması var — sonuncular hər biri minlərlə səhifədən ibarət statik SEO saytlarıdır.

Sahənizə uyğun səhifəyə baxın — orada həmin biznesin saytında nəyin işlədiyini ayrıca yazmışam: onlayn mağaza, klinika, restoran, xidmət ustaları, tikinti şirkəti, turizm agentliyi, təhsil mərkəzi, vəkil, şəxsi sayt.

Sayt hazırlanması neçəyə başa gəlir

Düzünü deyim: «sayt neçəyə başa gəlir» sualının tək cavabı yoxdur, çünki «sayt» sözü bir səhifəlik vizit kartını da, min məhsullu mağazanı da bildirir. Amma qiyməti nəyin qaldırıb-endirdiyini dəqiq deyə bilərəm.

Qiyməti müəyyən edən beş amil

  1. Dizayn hazırdır, yoxsa sıfırdan çəkilir. Ən böyük fərq budur. Hazır dizaynlardan birini götürüb sizin məzmununuza uyğunlaşdırmaq bir neçə gün çəkir; sıfırdan fərdi dizayn iki-üç həftə.
  2. Səhifələrin sayı və növü. Beş səhifəlik vizit sayt ilə 40 səhifəlik kataloq arasında ciddi fərq var.
  3. Funksiyalar. Əlaqə forması hər saytda var. Səbət, ödəniş, şəxsi kabinet, çoxdilli struktur, rezervasiya sistemi — hər biri ayrıca iş deməkdir.
  4. Məzmunu kim hazırlayır. Mətnlər və şəkillər sizdədirsə iş sürətlənir. Yoxdursa, mətn yazılması və şəkil hazırlanması ayrıca vaxt aparır.
  5. Köçürmə var, yoxsa yox. Köhnə saytdan məzmunun köçürülməsi, ünvanların qorunması və yönləndirmələrin qurulması ayrıca işdir — amma SEO-nu itirməmək üçün vacibdir.

Təxmini çərçivə

Saytda satışda olan hazır dizaynlar 300–1500 AZN aralığındadır — bunlar real, baxa biləcəyiniz qiymətlərdir. Fərdi layihələrdə qiymət yuxarıdakı beş amilə görə hesablanır və işə başlamazdan əvvəl rəqəm olaraq deyilir, sonradan artırılmır.

Xərc maddəsiKimin üzərinə düşürTəxmini
Domen (.az, .com)Sizin adınıza alınırillik ödəniş
HostinqSizin adınıza alınırillik ödəniş
Dizayn və qurulmaMənbir dəfəlik
SSL sertifikatıMən qururampulsuz (Let's Encrypt)
Təhvildən sonrakı dəstəkMənilk ay daxildir

Vacib: domen və hostinqi həmişə sizin adınıza alıram və girişləri sizə verirəm. Saytın açarları sizdə olmalıdır. Bir gün mənimlə işləməyi dayandırsanız, saytınız sizinlə qalır — bu, sahədə hər zaman belə olmur.

Qiymətə nə daxildir

  • Bütün səhifələrin dizaynı və kodlaşdırılması
  • Telefon, planşet və kompüterdə düzgün görünüş — ayrı-ayrı yoxlanılır
  • Əsas SEO quruluşu: başlıq strukturu, meta təsvirlər, təmiz ünvanlar, sitemap, robots.txt, Google Search Console-a qoşulma
  • Sürət optimallaşdırması: şəkillərin WebP-yə çevrilməsi, keş, lazımsız skriptlərin təmizlənməsi
  • SSL sertifikatı və https yönləndirməsi
  • İdarəetmə paneli və onun necə işlədiyini göstərən qısa video təlimat
  • Əlaqə forması və onun poçtunuza düzgün gəlməsinin yoxlanması
  • Təhvildən sonra bir ay ərzində kiçik düzəlişlər

WordPress, yoxsa statik sayt?

Bu sualı demək olar ki, hər müştəri verir, ona görə qısa cavab yazım.

WordPress o zaman lazımdır ki, siz saytı özünüz yeniləyəsiniz: yazı əlavə edəsiniz, məhsul qoyasınız, qiymət dəyişəsiniz. Xəbər saytları, bloqlar, mağazalar — hamısı WordPress-ə uyğundur. Çatışmazlığı: yenilənməli, qorunmalı və vaxtaşırı baxılmalıdır.

Statik sayt o zaman daha yaxşıdır ki, məzmun nadir hallarda dəyişir: vizit sayt, xidmət saytı, lending. Üstünlüyü böyükdür — hack olunmur, hostinq ucuz olur, PageSpeed balı demək olar ki, həmişə yaşıl qalır, aylıq baxım tələb etmir. Çilingər saytlarımın hamısı statikdir və hər biri minlərlə səhifədən ibarətdir.

Seçimi birlikdə edirik: saytı nə qədər tez-tez yeniləyəcəyinizi soruşuram və cavaba görə deyirəm hansı uyğundur. Lazım olmayan mürəkkəbliyi satmıram.

Müddət və iş prosesi

Dörd mərhələ var və hər birində siz nəyin baş verdiyini görürsünüz.

  1. Tələbləri aydınlaşdırırıq. Nə satırsınız, müştəriniz kimdir, saytın işi nədir. Bu söhbət adətən yarım saat çəkir və layihənin yarısını həll edir.
  2. Dizaynı razılaşdırırıq. Səhifələrin görünüşünü görürsünüz və təsdiq edirsiniz. Kodlaşdırma dizayn təsdiqlənmədən başlamır — belə olanda sonradan «hər şeyi dəyişək» vəziyyəti yaranmır.
  3. Qurur və yoxlayıram. Sayt kodlaşdırılır, sonra telefonda, planşetdə və kompüterdə ayrı-ayrı sınaqdan keçirilir. Formalar doldurulub yoxlanılır.
  4. Yayımlayırıq. Sayt canlıya çıxır, Google Search Console-a qoşulur, sitemap göndərilir. Panelin necə işlədiyini göstərirəm.

Müddət: sadə vizit sayt 5–7 gün, korporativ sayt 2–3 həftə, e-ticarət və ya xəbər portalı 3–6 həftə. Dəqiq müddət başlamazdan əvvəl deyilir.

Saytı təhvil aldıqdan sonra

Sayt yayımlanandan sonra iş bitmir — əksinə, orada başlayır. İlk aylarda ən çox bunlar olur: hostinq yavaşlayır, plugin yenilənməsi nəyisə sındırır, forma poçtu spam-a düşür, kimsə təsadüfən bir səhifəni silir.

Ona görə üç variant təklif edirəm:

  • Heç nə — sayt sizindir, özünüz idarə edirsiniz. Girişlər sizdədir, istədiyiniz vaxt başqa ustaya da verə bilərsiniz.
  • Tək-tək iş — nəsə sındıqda yazırsınız, baxıram, qiymətini deyirəm. Onlayn texniki dəstək səhifəsində bu işlər sadalanıb.
  • Aylıq baxım — yeniləmələr, ehtiyat nüsxə, təhlükəsizlik yoxlaması və ayda iki saat kiçik iş. Aylıq hesabat göndərilir.

Niyə mən

Üç səbəb deyə bilərəm, hamısı yoxlana biləndir.

Birincisi — media təcrübəsi. Xəbər saytı qurmaq adi saytdan çətindir: minlərlə yazı, dəqiqədə onlarla redaktə, yüksək trafik. Musavat.com, Dergi.az, Liman.az, Minval.info kimi saytlarla işləmişəm. Bu şərtlərdə işləyən struktur adi korporativ saytda məsələ də yaratmır.

İkincisi — öz alətlərim var. Satdığım WordPress pluginləri başqasından alınmayıb, özüm yazmışam: link yoxlaması, WebP çevirmə, WooCommerce sahələri, admin paneli brendləmə. Saytınızda nəsə lazım olanda hazır plugin axtarmağa ehtiyac qalmır.

Üçüncüsü — texniki tərəfi özüm aparıram. Hostinq, domen, poçt, SSL, yayım, təhlükəsizlik — hamısı məndə. Dizayner bir yerdə, proqramçı başqa yerdə, hostinq üçüncü adamda olan vəziyyət yaranmır.

Tez-tez verilən suallar

Sayt hazırlanması nə qədər vaxt aparır?

Sadə vizit sayt 5–7 gün, korporativ sayt 2–3 həftə, e-ticarət və ya xəbər portalı 3–6 həftə. Müddətə ən çox təsir edən şey məzmunun hazır olub-olmamasıdır: mətn və şəkillər sizdə hazırdırsa, iş gözlədiyinizdən tez bitir.

Domen və hostinq kimin adına alınır?

Həmişə sizin adınıza. Girişləri sizə verirəm və bir nüsxəsini saxlamıram. Saytın açarları sahibində olmalıdır — mənimlə işləməyi dayandırsanız belə, sayt sizinlə qalır.

Saytı özüm yeniləyə biləcəyəmmi?

Bəli. WordPress seçilibsə, idarəetmə panelindən yazı, şəkil, qiymət və səhifə dəyişə bilərsiniz. Təhvil zamanı panelin necə işlədiyini göstərirəm və qısa video təlimat qoyuram.

Köhnə saytım var, yenisinə keçsəm Google-dakı yerimi itirərəmmi?

Düzgün edilsə — yox. Köhnə ünvanların hər biri yenisinə 301 yönləndirmə ilə bağlanır, başlıq strukturu qorunur, sitemap yenidən göndərilir. Bu iş atlanırsa, trafik həqiqətən itir — ona görə köçürməni ayrıca mərhələ kimi aparıram.

Sayt hazırlandıqdan sonra aylıq ödəniş olacaq?

Məcburi yox. Domen və hostinq illik ödənişdir və birbaşa provayderə gedir. Mənə aylıq ödəniş yalnız baxım xidmətini seçsəniz olur — seçməsəniz, sayt yenə də sizindir və işləyir.

Mətnləri kim yazır?

Sizdə hazırdırsa, onları işlədirəm. Yoxdursa, yaza bilərəm — jurnalistəm, bu mənim əsas işimdir. Bu, ayrıca razılaşdırılır.

Ödəniş necə aparılır?

Adətən iki hissədə: işə başlayanda və təhvil zamanı. Kart köçürməsi və ya nağd. Böyük layihələrdə mərhələlərə bölmək olar.

Saytınızı danışaq

Nə istədiyinizi qısaca yazın — baxıb hansı həllin uyğun olduğunu, nə qədər vaxt və nə qədər pul apardığını deyim. Söhbət heç nəyə öhdəlik yaratmır.

Davamı