ruN ruN DizaynMəhəmməd Türkmən
Sahə · Tibb

Klinika və həkim üçün sayt

Xəstə həkim axtaranda iki şeyə baxır: sizə etibar etmək olarmı və necə yazıla bilər. Klinika saytının bütün işi bu iki suala beş saniyəyə cavab verməkdir.

Klinika sayt sifariş edəndə adətən «gözəl olsun» deyir. Amma praktikada xəstəni gətirən gözəllik deyil — etibar və rahatlıqdır. Aşağıda tibb saytlarında nəyin işlədiyini yazıram.

Həkim profilləri — ən çox baxılan səhifə

Statistikada demək olar ki, həmişə eyni mənzərə olur: xəstə baş səhifədən sonra birbaşa həkim səhifəsinə keçir. Ona görə həkim profili ciddi hazırlanmalıdır:

  • Peşəkar foto — telefonla çəkilmiş şəkil etibarı azaldır
  • İxtisas, təhsil, iş təcrübəsi, sertifikatlar
  • Hansı müalicələri aparır — konkret siyahı
  • Qəbul günləri və birbaşa qeydiyyat düyməsi
  • Varsa, elmi işlər və konfrans iştirakları

Bu, həm xəstə üçün, həm də Google üçün vacibdir: sağlamlıq mövzusunda Google məzmunun kim tərəfindən hazırlandığına xüsusi diqqət yetirir. Adsız, müəllifsiz tibbi mətn yaxşı sıralanmır.

Onlayn qeydiyyat

Ən çox fayda verən funksiyadır. Xəstələrin böyük hissəsi iş saatından sonra, gecə sayta girir — o vaxt zəng edə bilmir. Forma varsa, qeydiyyat qalır; yoxdursa, xəstə səhəri gözləmir, başqa klinikaya keçir.

Praktik qurulma: həkim seçimi, xidmət seçimi, tarix və saat, ad və telefon. Çox sahə qoymayın — hər əlavə sahə doldurulmanı azaldır. Formadan sonra qeydiyyatın həm klinikanın poçtuna, həm də WhatsApp-a getməsi ən işlək variantdır.

Xidmət səhifələri — SEO-nun əsas yeri

Hər müalicə üçün ayrıca səhifə olmalıdır: implant, kanal müalicəsi, ortodontiya, uşaq stomatologiyası. Hamısını bir «Xidmətlərimiz» səhifəsinə yığmaq ən çox edilən səhvdir.

Səbəbi sadədir: xəstə «implant qiyməti Bakı» axtarır, «stomatoloji xidmətlər» yox. Hər müalicə ayrıca səhifədə olanda həmin axtarışa cavab verə bilirsiniz.

Hər səhifədə olması lazım olanlar: müalicənin nə olduğu sadə dildə, kimə lazımdır, neçə seans çəkir, nə qədər ağrılıdır, bərpa müddəti, qiymətə nəyin təsir etdiyi.

Əvvəl/sonra qalereyası

Stomatologiya, dermatologiya və estetikada ən güclü arqumentdir. İki şərt var: şəkillər eyni işıqda və eyni bucaqdan çəkilməlidir, və xəstədən yazılı razılıq alınmalıdır. Razılıqsız şəkil yerləşdirmək həm etik problemdir, həm də hüquqi risq.

Etibar siqnalları

  • Lisenziya və icazə sənədləri
  • Avadanlıq — xəstə üçün «hansı cihazla işləyirsiniz» real sualdır
  • Real xəstə rəyləri (uydurma rəylər tez tanınır və əks təsir verir)
  • Klinikanın özünün fotoları — qəbul otağı, kabinetlər, komanda
  • Dəqiq ünvan, xəritə və nəqliyyat təlimatı

Qiymət yazılsınmı? Tibb sahəsində bu, mübahisəlidir. Təcrübəm göstərir ki, «qiymət 150 manatdan» şəklində aralıq yazmaq zəngi azaltmır, əksinə — ciddi olmayan müraciətləri süzür və real xəstənin etibarını artırır. Heç nə yazmamaq isə ən çox tərk edilmə səbəbidir.

Xəstə məlumatının qorunması

Bu, texniki yox, məsuliyyət məsələsidir. Saytda toplanan ad, telefon və şikayət mətni tibbi məlumatdır:

  • SSL mütləqdir — formanın şifrələnməmiş getməsi qəbuledilməzdir
  • Qeydiyyat məlumatları saytın bazasında aylarla saxlanmamalıdır
  • Panelə kimin girişi olduğu dəqiq müəyyən edilməlidir
  • Şəkillərdən EXIF məlumatı təmizlənməlidir

Mobil və sürət

Tibb axtarışlarının böyük hissəsi telefondan edilir, çox vaxt da narahat halda. Telefon nömrəsi ekranda həmişə əlçatan olmalı, bir toxunuşla zəng getməlidir. Səhifə üç saniyədən gec açılırsa, xəstə geri qayıdır — ağrısı olan adam gözləmir.

Tez-tez verilən suallar

Klinika saytı neçəyə başa gəlir?

Səhifələrin sayı və onlayn qeydiyyatın mürəkkəbliyi həll edir. Beş müalicə səhifəsi olan sadə klinika saytı ilə 30 xidmətli, həkim cədvəli olan tibb mərkəzi arasında ciddi fərq var. Qiymətin maddələrini ayrıca yazmışam.

Hazır dizayn varmı?

Bəli, satışda dental klinika dizaynları var. Onları öz klinikanızın rənglərinə və məzmununa uyğunlaşdırmaq tam yeni layihədən xeyli tez və ucuz olur.

Onlayn qeydiyyat həkimin cədvəli ilə birləşə bilərmi?

Bəli. Sadə variantda forma qeydiyyatı göndərir və administrator təsdiqləyir. Mürəkkəb variantda həkimin boş saatları saytda real vaxtda görünür — bu, ayrıca iş və əlavə xərcdir.

Xəstə rəylərini saytda yerləşdirmək olarmı?

Olar, amma razılıqla və real şəkildə. Uydurma rəy yazmaq həm etik deyil, həm də tez tanınır. Ən yaxşısı Google rəylərini birbaşa sayta gətirməkdir.

Klinikanız üçün danışaq

Neçə həkim, neçə müalicə növü və onlayn qeydiyyat lazımdırmı — bunları yazın, uyğun quruluşu və qiyməti deyim.

Davamı