E-ticarət saytı digər saytlardan bir şeylə fərqlənir: burada hər detalın pul qarşılığı var. Səbətə əlavə düyməsinin yeri, çatdırılma qiymətinin nə vaxt göründüyü, formadakı sahələrin sayı — bunların hər biri sifarişin başa çatmasına birbaşa təsir edir.
Platforma seçimi
WooCommerce — WordPress üzərində. Azərbaycanda ən çox işlənən variantdır: açıq koddur, aylıq abunə yoxdur, istənilən şeyi dəyişmək olur, yerli ödəniş sistemləri ilə birləşir. Çatışmazlığı: baxım tələb edir və məhsul sayı böyüdükcə optimallaşdırma lazım olur.
Hazır platformalar (aylıq abunə ilə) — tez başlayırsınız, amma sayt sizin deyil və köçürmək çox vaxt mümkün olmur.
Əksər hallarda WooCommerce tövsiyə edirəm — xüsusən məhsul sayı artacaqsa və öz qaydalarınız olacaqsa.
Ödəniş
Azərbaycanda praktikada üç variant işləyir və adətən hamısı birlikdə qurulur:
- Kartla onlayn ödəniş — bank və ya ödəniş provayderi ilə müqavilə lazımdır. Texniki qoşulma adətən bir neçə gün çəkir.
- Çatdırılma zamanı nağd — hələ də ən çox seçilən variantdır, mütləq qoyulmalıdır.
- Köçürmə — xüsusən hüquqi şəxslər üçün; VÖEN sahəsi və hesab-faktura lazım olur.
Praktik detal: ödəniş üsullarını səbətdə deyil, məhsul səhifəsində də göstərin. Müştəri «kartla ödəyə bilərəmmi» sualına cavabı sifarişin sonunda yox, əvvəlində almalıdır — əks halda bir çoxu səbətə belə getmir.
Çatdırılma
Səbəti tərk etmənin birinci səbəbi dünyada da, burada da eynidir: çatdırılma qiyməti son anda görünür. Müştəri 40 manatlıq məhsul seçir, sonda 15 manat çatdırılma görür və gedir.
Düzgün qurulma: çatdırılma şərtləri məhsul səhifəsində yazılsın, rayonlara görə qiymət fərqi əvvəlcədən göstərilsin, pulsuz çatdırılma həddi varsa səbətdə «daha 12 manatlıq alsanız çatdırılma pulsuzdur» kimi görünsün.
Məhsul səhifəsi
- Şəkillər — ən azı 3-4 ədəd, böyüdülə bilən. Bu, satışa ən çox təsir edən amildir.
- Dəqiq ölçü və xüsusiyyətlər — geri qaytarmaların böyük hissəsi məlumatsızlıqdan olur.
- Anbar vəziyyəti — «var / yoxdur» açıq yazılsın. Sifariş qəbul edib sonra «bitib» demək müştərini birdəfəlik itirməkdir.
- Variasiyalar — ölçü, rəng. Hər variasiyanın öz şəkli və öz anbar sayı olmalıdır.
- Oxşar məhsullar — orta çek burada artır.
Sifariş forması
Hər əlavə sahə sifarişi azaldır. Standart WooCommerce forması Azərbaycan üçün artıq sahələrlə gəlir: şirkət adı, ikinci ünvan sətri, əyalət. Bunlar təmizlənməlidir.
Əvəzinə lazım olanlar: ad, telefon, rayon/şəhər, ünvan, qeyd. Hüquqi şəxslər üçün VÖEN sahəsi — amma yalnız «şirkət adına sifariş» seçiləndə görünməli.
Bu işi asanlaşdırmaq üçün öz plugin-imi yazmışam: RunCheckout Fields — sahələri gizlətmək, adlandırmaq, şərtə görə göstərmək və Azərbaycan üçün VÖEN/+994 yoxlaması etmək imkanı verir.
Sifarişlərin idarə olunması
- Sifariş gələndə dərhal bildiriş — poçt, WhatsApp və ya Telegram
- Status mərhələləri: qəbul edildi → hazırlanır → yolda → təhvil verildi
- Müştəriyə status bildirişi — zəng sayını ciddi azaldır
- Anbarın avtomatik azalması
- Hesabat: hansı məhsul satılır, haradan gəlir, orta çek nə qədərdir
Mağaza üçün SEO
Kateqoriya səhifələri mağazada ən çox trafik gətirən yerdir — məhsul səhifələri yox. Çünki adam «qış gödəkçəsi» axtarır, konkret model adını yox. Ona görə hər kateqoriyanın öz mətni, öz başlığı və öz təsviri olmalıdır.
İkinci vacib məsələ: satılıb-bitmiş məhsulun səhifəsini silməyin. Onu «anbarda yoxdur» kimi saxlayın və oxşar məhsullar göstərin — əks halda Google-da yığdığınız mövqeni itirirsiniz.
Sürət — mağazada daha kritikdir
Mağaza saytında səbət və sifariş səhifələri keşlənmir, yəni server hər dəfə iş görür. Üstəlik məhsul şəkilləri çoxdur. Ona görə şəkillərin WebP-yə çevrilməsi və düzgün keş başlanğıcdan qurulmalıdır — sonradan düzəltmək daha baha olur.