ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət

WordPress texniki dəstək

Sayt açılmır, admin panelə girmək olmur, yeniləmədən sonra hər şey dağılıb. Bunlar panikaya salan, amma əksərən bir neçə saata həll olunan problemlərdir. Söhbətdə yazırsınız, baxıram, qiyməti deyirəm.

WordPress saytların təxminən 40%-ni işlədir və bunun bir səbəbi var: asanlıqla qurulur. Problem odur ki, asanlıqla da sınır. Bir plugin yenilənir — ağ ekran. Hostinq PHP versiyasını dəyişir — sayt dayanır. Kimsə şifrəni unudur — panelə giriş bağlanır.

Bu səhifədə ən çox rast gəldiyim nasazlıqları və onların adətən nədən qaynaqlandığını yazmışam. Çoxunu özünüz də yoxlaya bilərsiniz.

Ağ ekran — sayt tamamilə boş açılır

Brauzerdə heç nə yoxdur: nə yazı, nə xəta. Buna «ağ ölüm ekranı» deyirlər və demək olar ki, həmişə PHP səhvidir: plugin və ya şablon kodunda xəta var, yaxud yaddaş limiti dolub.

İlk yoxlanacaqlar: hostinq panelindən xəta jurnalına (error log) baxmaq, son yenilənən plugini FTP ilə müvəqqəti adlandırmaq, PHP yaddaş limitini artırmaq. Əgər sayt birdən-birə, heç nə etmədən ağ ekrana düşübsə, çox vaxt səbəb hostinqin tərəfindədir — PHP versiyası dəyişib və ya keş köhnə kodu saxlayır.

500 Internal Server Error

Serverin «nəsə səhv getdi, amma nə olduğunu deyə bilmərəm» cavabıdır. Ən çox görülən səbəblər: .htaccess faylında səhv sətir, PHP yaddaş limiti, zədələnmiş plugin faylı, şablonun functions.php faylında artıq qalmış simvol.

Burada təhlükəli olan şey təsadüfi düzəlişlərdir: adam müxtəlif məsləhətləri bir-bir tətbiq edib saytı daha da qarışdırır. Mən əvvəlcə ehtiyat nüsxə alıram, sonra səbəbi tapıram.

Admin panelə girmək olmur

Üç ayrı hal var və həlləri fərqlidir:

  • Şifrə unudulub — bərpa poçtu gəlmirsə, istifadəçi bazadan birbaşa dəyişilir.
  • Giriş səhifəsi dövr edir — login səhifəsi özünə qayıdır. Adətən cookie/domen ayarı və ya təhlükəsizlik plugini səbəb olur.
  • «Siz bu səhifəyə girə bilməzsiniz» — rol və icazələr pozulub. Çox vaxt hack əlamətidir, ona görə ayrıca yoxlayıram.

Yeniləmədən sonra sayt sınıb

Ən çox rast gəlinən hal. WordPress və ya plugin yenilənir, bundan sonra ya dizayn dağılır, ya bir funksiya işləməz olur. Səbəb adətən uyğunsuzluqdur: plugin yeni WordPress versiyası ilə, yaxud şablon yeni PHP ilə uyğun deyil.

Düzgün yol: əvvəlcə hansı yeniləmənin problem yaratdığını tapmaq, sonra ya həmin komponenti geri qaytarmaq, ya alternativ tapmaq, ya da kodda uyğunlaşdırma etmək. Bu işi asanlaşdırmaq üçün WP Update Risk Checker adlı plugin yazmışam — yeniləmə düyməsinə basmazdan əvvəl nəyin sınacağını göstərir.

Digər tez-tez görülən işlər

  • Əlaqə formasından gələn məktublar poçta çatmır və ya spam qovluğuna düşür
  • Sayt https-ə keçib, amma brauzer «təhlükəsiz deyil» yazır (qarışıq məzmun)
  • Şəkillər yüklənmir və ya media kitabxanası boş görünür
  • WooCommerce sifarişi gedir, amma bildiriş gəlmir
  • Sayt köçürüldükdən sonra ünvanlar köhnə domenə baxır
  • Google Search Console-da indeksləşmə xətaları

Necə işləyir

  1. Söhbətdə və ya WhatsApp-da problemi qısaca yazırsınız. Ekran şəkli varsa, daha yaxşı.
  2. Baxıram. Çox vaxt bunun üçün hostinq və ya WordPress girişi lazım olur.
  3. Qiyməti deyirəm. İşin həcmi əvvəlcədən bilinməyən hallarda (hack, köhnə saytın bərpası) qiymət baxandan sonra deyilir və sonradan artırılmır.
  4. Razılaşsaq, işə başlayıram. Əvvəlcə ehtiyat nüsxə alıram.
  5. Bitəndə nə baş verdiyini və niyə baş verdiyini yazılı izah edirəm — eyni şeyin təkrarlanmaması üçün.

Həll olunmasa ödəniş yoxdur. Baxıb həll edə bilmədiyim hallarda ödəniş almıram. Bunu ona görə yazıram ki, bu sahədə «baxdım, olmadı, amma vaxt sərf etdim» deyib pul istəmək adi haldır.

Girişlər və təhlükəsizlik

İş üçün adətən hostinq (cPanel) və ya WordPress admin girişi lazım olur. Girişləri iş bitən kimi dəyişməyinizi məsləhət görürəm — bu, mənə deyil, ümumiyyətlə hər kənar adama aid qaydadır. Kart məlumatı heç vaxt lazım olmur; söhbətdə kart nömrəsi yazmayın.

Tək-tək iş, yoxsa aylıq baxım

Bir dəfəlik problem üçün tək-tək müdaxilə kifayətdir. Amma sayt sizin üçün gəlir mənbəyidirsə və ya tez-tez yenilənirsə, aylıq baxım ucuz başa gəlir: həftəlik yeniləmə və ehtiyat nüsxə, təhlükəsizlik yoxlaması, ayda iki saat kiçik iş və təcili hallarda prioritet. Aylıq hesabat göndərilir.

Tez-tez verilən suallar

Nə qədər tez baxırsınız?

İş saatlarında adətən bir saat ərzində. Sayt tam dayanıbsa və ya hack olunubsa, söhbətdə «təcili» yazın — iş saatından kənarda da baxıram, qiymət fərqli olur.

Mənim saytımı siz qurmamısınız, yenə də baxırsınızmı?

Bəli. Başqasının qurduğu saytlarla daim işləyirəm. Kodun kim tərəfindən yazıldığının fərqi yoxdur.

Qiymət nə qədərdir?

İşə görə dəyişir, ona görə sabit siyahı vermirəm. Problemi görəndən sonra rəqəm deyirəm və o rəqəm sonradan artmır. Aylıq baxım isə sabit qiymətlidir.

Saytımın ehtiyat nüsxəsi yoxdur, qorxuludurmu?

İşə başlamazdan əvvəl mən özüm nüsxə alıram, ona görə müdaxilə təhlükəsizdir. Amma daimi ehtiyat nüsxə sisteminin olmaması ayrıca risqdir — bunu da qurmaq olar.

Uzaqdan necə qoşulursunuz?

Sayt işləri hostinq və WordPress girişi ilə aparılır, kompüter işləri üçün AnyDesk və ya TeamViewer istifadə olunur. Ekranınızı görürsünüz, nə etdiyimi izləyirsiniz.

Problemi yazın, baxım

Nə baş verdiyini bir-iki cümlə ilə yazın. Baxıb nə olduğunu və nə qədər vaxt aparacağını deyim — həll olunmasa ödəniş yoxdur.

Davamı