ruN ruN DizaynMəhəmməd Türkmən
Sahə · Restoran

Restoran və kafe üçün sayt

Restoran axtaran adam üç şeyi bilmək istəyir: nə var, neçəyədir, harada yerləşir. Sayt bu üçünü dərhal verməlidir — qalanı ikinci dərəcəlidir.

Menyu — PDF yox

Ən çox rast gəldiyim səhv: menyu sayta PDF faylı kimi qoyulur. Nəticə: telefonda açılmır və ya kiçik görünür, Google onun içindəki yeməkləri axtarışda göstərmir, qiyməti dəyişmək üçün hər dəfə dizayner lazım olur.

Menyu saytın öz səhifəsi olmalıdır: bölmələrə ayrılmış, şəkilli, telefonda rahat sürüşdürülən. Qiymətləri administrator paneldən özü dəyişə bilməlidir — restoran biznesində qiymət tez-tez dəyişir.

Üstəlik bu, SEO-nun əsas qazancıdır: adam «Bakıda kabab» və ya «vegetarian yemək» axtaranda sizin menyu səhifəniz cavab verə bilir. PDF-də olan menyu bu axtarışlarda yoxdur.

Fotoşəkil — ən böyük amil

Restoran saytında qərarı şəkil verir. İki qayda: yeməyin öz şəkli olsun (stok fotodan istifadə edilən sayt dərhal tanınır və etibarı itirir) və şəkillər peşəkar çəkilsin.

Texniki tərəfdən: yemək şəkilləri ağır olur, ona görə hamısı WebP-yə çevrilməlidir — əks halda menyu səhifəsi telefonda uzun açılır.

Masa rezervasiyası

Sadə forma kifayətdir: tarix, saat, neçə nəfər, ad, telefon, qeyd. Mürəkkəb masa planı sistemi əksər restorana lazım deyil və sifarişi çətinləşdirir.

Vacib olan budur: rezervasiya həm poçta, həm də WhatsApp və ya Telegram-a getsin. Restoranda heç kim gün ərzində poçt yoxlamır — bildiriş telefona düşməlidir. Təsdiq mesajının müştəriyə avtomatik getməsi də zəng sayını azaldır.

Çatdırılma sifarişi

Çatdırılma edirsinizsə, iki variant var:

  • Öz sayt üzərindən sifariş — komissiya ödəmirsiniz, müştəri məlumatı sizdə qalır. Əvəzində səbət, ödəniş və sifariş idarəetməsi lazımdır — yəni kiçik bir mağaza sistemi.
  • Yalnız zəng və ya WhatsApp — sadə və ucuzdur. Kiçik həcmdə tam işləyir.

Üçüncü platformalarda (çatdırılma aqreqatorları) olmağınız saytın lazımsız olması demək deyil: orada komissiya ödəyirsiniz, saytda isə yox. Ən yaxşısı ikisini paralel saxlamaqdır.

Yerli SEO — restoranda ən vacib hissə

Restoran axtarışlarının böyük hissəsi «yaxınlıqda» məntiqi ilə gedir və nəticəni Google Xəritə verir. Ona görə sayt ilə yanaşı bunlar qurulmalıdır:

  • Google Business Profile — tam doldurulmuş: iş saatları, menyu keçidi, şəkillər, telefon
  • Saytda ünvanın mətn şəklində yazılması (yalnız xəritə şəkli kifayət etmir)
  • Struktur məlumatı — restoranın növü, iş saatları, qiymət aralığı maşın üçün oxunaqlı olsun
  • İş saatlarının saytda və Google-da eyni olması — fərq etibarı azaldır

Ən çox unudulan detal: bayram günlərinin iş saatları. Novruz və Qurban bayramında adamların yarısı «açıqdırmı» deyə saytı yoxlayır. Baş səhifədə bir sətirlik bildiriş qoymaq imkanı olsun.

Tədbir və banket

Şadlıq evi və ya banket zalınızsa, bu, ayrıca səhifə tələb edir: zalların tutumu, fotolar, menyu paketləri, qiymət aralığı, sorğu forması. Toy və tədbir axtarışları ayrıca bazardır və ümumi restoran səhifəsi onlara cavab vermir.

Telefon üçün qurulma

Restoran saytına girişlərin böyük hissəsi telefondandır, çox vaxt da adam artıq yoldadır. Buna görə:

  • Telefon nömrəsi ekranın yuxarısında, bir toxunuşla zəng
  • Ünvan düyməsi birbaşa naviqasiyanı açsın
  • Menyu bir-iki toxunuşla əlçatan olsun
  • Səhifə tez açılsın — mobil internetdə də

Tez-tez verilən suallar

Menyunu özüm yeniləyə biləcəyəmmi?

Bəli — paneldən yemək əlavə etmək, qiymət dəyişmək və mövsümi yeməkləri gizlətmək olur. Bu, restoran saytında ən çox işlənən funksiyadır, ona görə sadə qurulur.

Çatdırılma platformalarında varıq, sayt yenə lazımdırmı?

Bəli. Platformada hər sifarişdən komissiya ödəyirsiniz və müştəri sizin deyil, onlarındır. Saytdan gələn sifarişdə komissiya yoxdur. Üstəlik adam sizi axtaranda Google-da öz saytınızın çıxması etibar məsələsidir.

Qiymətləri saytda göstərməliyəmmi?

Bəli. Qiyməti gizlədən menyu ziyarətçini qovur — adam qiyməti öyrənmək üçün zəng etmir, sadəcə başqa restorana baxır.

Restoranınız üçün danışaq

Menyu, rezervasiya və ya çatdırılma — hansı lazımdır? Yazın, uyğun quruluşu və qiyməti deyim.

Davamı