ruN ruN DizaynMəhəmməd Türkmən
Sahə · Təhsil

Təhsil mərkəzi və kurslar üçün sayt

Valideyn və ya tələbə kurs seçəndə üç şeyə baxır: kim öyrədir, nə qədər çəkir, nəticə nə olub. Saytın bütün quruluşu bu üç suala qurulmalıdır.

Hər kurs üçün ayrıca səhifə

Ən çox edilən səhv: bütün kursları bir «Kurslarımız» səhifəsində siyahı kimi vermək. Adam «ingilis dili kursu Bakı» və ya «IELTS hazırlığı» axtarır — ümumi səhifə bu sorğuya cavab vermir.

Hər kurs səhifəsində olmalı:

  • Kimə uyğundur — başlanğıc, orta, qabaqcıl səviyyə
  • Proqram: mövzular və onların ardıcıllığı
  • Müddət: neçə ay, həftədə neçə dəfə, hər dərs neçə dəqiqə
  • Qrupda neçə nəfər olur — bu, valideyn üçün vacib sualdır
  • Müəllim kimdir (profil səhifəsinə keçidlə)
  • Qiymət və ödəniş qaydası — aylıq, yoxsa tam kurs
  • Sertifikat verilirmi
  • Qeydiyyat düyməsi — səhifənin özündə

Müəllim profilləri

Təhsildə qərarı müəllim verir. Hər müəllimin profili olsun: foto, təhsil, təcrübə, hansı kursları aparır, varsa beynəlxalq sertifikatlar və imtahan balları.

Bu, həm valideynin etibarını qazanır, həm də Google üçün siqnaldır: məzmunun arxasında real, ixtisaslı adamların dayandığını göstərir.

Nəticələr — ən güclü arqument

Hazırlıq mərkəzlərində bu həlledicidir: neçə məzun, hansı ballar, hansı universitetlər. Rəqəmlər real olmalıdır — şişirdilmiş statistika bu sahədə tez üzə çıxır və bir dəfə etibar itəndə qayıtmır.

Məzun rəyləri də güclü işləyir, xüsusən video şəklində. Yazılı rəydə ad və nəticə göstərilsin (razılıqla).

Qeyd: yetkinlik yaşına çatmayan şagirdlərin şəkil və adlarını saytda yerləşdirmək üçün valideyn razılığı mütləqdir. Bu, həm hüquqi tələb, həm də etik məsələdir.

Onlayn qeydiyyat və cədvəl

Ən çox fayda verən funksiya: qrup cədvəlinin saytda görünməsi. «Yeni qrup 15 noyabrda başlayır, 3 yer qalıb» tipli məlumat qərarı sürətləndirir.

Qeydiyyat forması qısa olsun: ad, telefon, hansı kurs, səviyyə. Qalanı zəngdə dəqiqləşir. Forma həm poçta, həm də WhatsApp-a getsin.

Pulsuz sınaq dərsi

Bu sahədə ən yaxşı işləyən təklifdir və saytda ayrıca düymə ilə verilməlidir. Sınaq dərsi üçün qeydiyyat adi qeydiyyatdan daha çox doldurulur, çünki öhdəlik yaratmır.

Məzmun — valideyn əvvəlcə oxuyur

Təhsildə qərar tez verilmir. Valideyn araşdırır, müqayisə edir, oxuyur. Ona görə bloq bu sahədə real müştəri gətirir:

  • «IELTS-ə neçə aya hazırlaşmaq olar»
  • «Uşaq hansı yaşda dil öyrənməyə başlamalıdır»
  • «Qrup, yoxsa fərdi dərs?»
  • «Abituriyent üçün vaxt planı»

Onlayn dərslər

Onlayn kurs da keçirirsinizsə, bu ayrıca səhifə tələb edir: hansı platforma, texniki tələblər, dərslər qeydə alınırmı, materiallar necə verilir. Onlayn tədris üçün ödənişli giriş sistemi lazımdırsa, bu, ayrıca layihədir və əvvəlcədən danışılmalıdır.

Yerli axtarış

Kurs axtarışlarının böyük hissəsi məkanla bağlıdır: «ingilis dili kursu Nəsimi», «riyaziyyat repetitor Yasamal». Filialınız varsa, hər filial üçün ayrıca səhifə — ünvan, xəritə, həmin filialda keçirilən kurslar və iş saatları ilə. Google Business Profile hər filial üçün ayrıca qurulmalıdır.

Tez-tez verilən suallar

Qrup cədvəlini özüm yeniləyə biləcəyəmmi?

Bəli — paneldən yeni qrup əlavə etmək, başlama tarixini və boş yer sayını dəyişmək olur. Bu, təhsil saytında ən çox işlənən funksiyadır.

Qiymətləri saytda yazmalıyıqmı?

Tövsiyə edirəm. Qiymət gizlədilən saytda valideyn zəng etmir, sadəcə növbəti saytı açır. Aylıq qiymət və ya aralıq yazmaq kifayətdir.

Onlayn ödəniş qurula bilərmi?

Bəli — aylıq ödənişin kartla qəbulu mümkündür. Bank müqaviləsi tələb olunur və texniki qoşulma bir neçə gün çəkir.

Mərkəziniz üçün danışaq

Neçə kurs, neçə müəllim və filial var — yazın, uyğun quruluşu və qiyməti deyim.

Davamı