ruN ruN DizaynMəhəmməd Türkmən
Sahə · Şəxsi

Şəxsi sayt və portfolio

Adınızı Google-da axtaranda birinci nə çıxır? Şəxsi sayt bu sualın cavabını sizin əlinizə verir — sosial şəbəkə profilinin və ya təsadüfi xəbərin yerinə.

Özüm jurnalistəm və öz şəxsi saytım var — bu səhifəni həm quraşdıran, həm də istifadə edən tərəfdən yazıram.

Şəxsi sayt niyə lazımdır

  • Adınızın axtarış nəticəsinə nəzarət. Sosial şəbəkə profili sizin deyil — qaydalar dəyişir, hesab bağlana bilər. Öz domeniniz isə sizindir.
  • Bir keçid. CV, işlər, əlaqə — hamısı bir ünvanda. Redaksiyaya, müştəriyə və ya işəgötürənə on fayl yox, bir link göndərirsiniz.
  • Arxiv. Yazılarınız, çıxışlarınız və işləriniz bir yerdə toplanır. Platformalar bağlanır, sayt qalır.
  • Etibar. Öz domenində saytı olan mütəxəssis daha ciddi qəbul olunur.

Kimlər üçün

Ən çox fayda görənlər: jurnalistlər (nəşrlər arxivi), həkimlər (xəstələr adla axtarır), vəkillər, fotoqraf və dizaynerlər (portfolio), müəllim və məşqçilər, siyasətçi və ictimai xadimlər, sərbəst çalışan mütəxəssislər.

Portfoliomda bu tipli saytlar var — jurnalist və ictimai xadim saytları, fotoqraflar üçün portal.

Nə olmalıdır

  • Baş səhifə — kim olduğunuz bir-iki cümlə ilə, dərhal görünən
  • Haqqımda — tam bioqrafiya, təhsil, iş yerləri, mükafatlar
  • İşlər / nəşrlər — əsas bölmə. Jurnalistdə yazılar, fotoqrafda qalereya, həkimdə elmi işlər
  • Əlaqə — forma və birbaşa keçidlər
  • CV — PDF kimi endirilə bilən variant
  • Media kit — foto, qısa bio, loqo. Sizi dəvət edənlər bunları hər dəfə soruşmasın

Neçə dildə

Fəaliyyətiniz beynəlxalqdirsə, Azərbaycan və ingilis dili tövsiyə olunur. Jurnalist, akademik və sənət sahəsində bu, real fərq yaradır — xarici redaksiya və ya təşkilat sizi tapanda oxuya bilməlidir.

Mənim öz saytım iki dildədir, ona görə bu quruluşu praktikada bilirəm: hər dilin öz ünvanı və öz meta məlumatı olmalıdır, avtomatik tərcümə plugin-i bu işi həll etmir.

Öz adınızla birinci çıxmaq

Bu, texniki olaraq həll oluna bilən məsələdir:

  • Domen adınızdan ibarət olsun (adsoyad.com və ya .az)
  • Səhifə başlığında ad və fəaliyyət birlikdə yazılsın
  • Person struktur məlumatı qurulsun — Google-a kim olduğunuzu maşın dilində bildirir
  • Bütün sosial şəbəkə profilləri sayta, sayt isə onlara keçid versin
  • Vikipediya səhifəniz varsa, ona istinad edilsin

Bu addımlar atılanda öz adınızla axtarışda saytınız adətən qısa müddətdə birinci sıraya çıxır — çünki rəqabət sizin adınız üzərində azdır.

Sadə saxlamaq

Şəxsi saytda ən çox edilən səhv onu şirkət saytı kimi qurmaqdır: slayder, «xidmətlərimiz», «niyə biz». Şəxsi saytda işləyən şey sadəlikdir — aydın şəkil, qısa təqdimat, işlər və əlaqə.

Texniki tərəfdən də sadə olmalıdır: bu saytlar adətən nadir yenilənir, ona görə statik quruluş çox vaxt daha uyğundur — ucuz, sürətli və baxımsız işləyir. Müntəzəm yazı yazacaqsınızsa, WordPress məntiqlidir.

Tez-tez verilən suallar

Şəxsi sayt neçəyə başa gəlir?

Ən ucuz layihə növlərindəndir, çünki səhifə sayı azdır. Hazır dizayn üzərində qurulanda xərc minimuma düşür. Dəqiq rəqəm üçün nə istədiyinizi yazın.

Sosial şəbəkəm var, sayt yenə lazımdırmı?

Sosial şəbəkə sizin deyil: qaydalar dəyişir, hesab bağlana və ya oğurlana bilər. Üstəlik orada axtarış nəticəsinə nəzarətiniz yoxdur. Sayt isə həmişə sizindir.

Saytı özüm yeniləyə biləcəyəmmi?

WordPress seçilsə — bəli, paneldən yazı və işlər əlavə edə bilərsiniz. Statik variantda isə yeniləmə nadir olduğu üçün adətən mənə yazırsınız, bir neçə saata edilir.

CV-mi PDF kimi qoymaq kifayət edərmi?

Yox. PDF-in içindəki mətn axtarışda zəif işləyir və telefonda rahat oxunmur. CV həm səhifə kimi, həm də endirilə bilən PDF kimi olmalıdır.

Şəxsi saytınızı danışaq

Nə ilə məşğul olduğunuzu və saytın nəyi göstərməsini istədiyinizi yazın — struktur təklif edim.

Davamı