Jurnalistəm və eyni zamanda media saytları qururam. Yəni redaksiyanın içində nə baş verdiyini bilirəm: xəbər beş dəqiqəyə yazılmalıdır, şəkil tapılmalıdır, başlıq dəyişdirilməlidir, redaktor təcili düzəliş istəyir. Portal bu sürətə dözmürsə, redaksiya onu sevmir və işləməz olur.
Ona görə xəbər portalında dizayn ikinci məsələdir. Birinci məsələ redaksiyanın gündəlik iş axınıdır.
Xəbər saytı adi saytdan nə ilə fərqlənir
- Həcm. Adi korporativ saytda 20 səhifə olur, xəbər portalında bir ildən sonra 20 min yazı. Beş min yazıdan sonra düzgün qurulmamış sayt gözlə görünəcək qədər yavaşlayır.
- Eyni anda işləyən adamlar. Panelə eyni vaxtda beş-on redaktor girir. Rollar, icazələr və redaktə tarixçəsi lazım olur.
- Trafik dalğası. Böyük xəbər çıxanda saytın yükü dəqiqələr ərzində on qat artır. Hazırlıqsız hostinq bu anda yıxılır — yəni ən çox lazım olan anda.
- Google News və Discover. Xəbər saytının trafikinin böyük hissəsi buradan gəlir və bunun öz texniki tələbləri var.
- Arxivin dəyəri. Köhnə yazılar illərlə trafik gətirir. Ünvan strukturu bir dəfə səhv qurulsa, sonradan düzəltmək böyük itki deməkdir.
Redaksiya paneli
Standart WordPress paneli jurnalist üçün ağırdır: lazımsız menyular, çox klik, hər dəfə eyni sahələrin doldurulması. Qurduğum portallarda panel redaksiyanın işinə uyğunlaşdırılır.
- Xəbər əlavə etmə ekranı sadələşdirilir — yalnız lazım olan sahələr qalır
- Rollar: müxbir yazır, redaktor təsdiqləyir, yalnız təsdiqlənən yayımlanır
- Şəkil yükləndikdə avtomatik WebP-yə çevrilir və ölçüləri hazırlanır
- Başlıq və təsvir sahələri SEO üçün avtomatik doldurulur, redaktor istəsə dəyişir
- Yayım anında Google-a indeksləşmə siqnalı göndərilir
- Son xəbərlər keş təmizləmədən dərhal görünür — redaksiyanın ən çox şikayət etdiyi problem budur
Səsli xəbər
Qurduğum portalların çoxunda səsli xəbər var: oxucu yazının üstündəki düyməyə basır və mətn səslə oxunur. Azərbaycan dilində bu, hələ də az saytda var və gözlə oxumağa vaxtı olmayan oxucunu saytda saxlayır.
Minlərlə yazıda sürət
Xəbər portalında sürət bir dəfəlik iş deyil, struktur məsələsidir. Nələrə diqqət edirəm:
- Baş səhifə və kateqoriya səhifələri üçün tam səhifə keşi
- Şəkillərin WebP formatında saxlanması və lazy-load
- Arxiv sorğularının indekslənməsi — baza beş min yazıdan sonra ləngiməsin
- Lazımsız plugin-lərin olmaması: hər plugin saytı bir az ağırlaşdırır
- Pik trafik üçün hostinq seçimi və server ayarları
Praktik qeyd: xəbər saytlarında ən çox rast gəldiyim problem budur — sayt yeni qurulanda uçur, bir il sonra sürünür. Səbəb demək olar ki, həmişə eynidir: arxiv böyüyüb, amma struktur ona hazırlanmayıb. Sürət optimallaşdırması səhifəsində bunu ayrıca yazmışam.
Xəbər saytı üçün SEO quruluşu
- Təmiz ünvanlar və dəyişməyən struktur
- Xəbər sitemap-ı (news sitemap) — Google News üçün ayrıca
- NewsArticle struktur məlumatı: başlıq, tarix, müəllif, bölmə
- Müəllif səhifələri — jurnalistin bütün yazıları bir yerdə
- Düzgün kateqoriya və teq strukturu: teqlər nəzarətsiz artanda sayt özü-özünə rəqib olur
- AMP lazımdırsa — ayrıca danışılır; əksər portallara artıq lazım deyil
Qurduğum və işlədiyim portallar
Media sahəsində işləmiş saytlar: Musavat.com (dizayn yenilənməsi), Dergi.az, Liman.az, Minval.info, Proses.az, Yazmedia.az, Bapaz.az. Bunların bir hissəsi tam sıfırdan qurulub, bir hissəsində dizayn və texniki struktur yenilənib.
Eyni zamanda hazır xəbər portalı dizaynları satıram — tam yeni layihəyə başlamaq istəməyən redaksiyalar hazır dizaynı götürüb öz məzmununa uyğunlaşdıra bilər.
Müddət və sonrası
Xəbər portalı 3–6 həftə çəkir. Köhnə saytdan köçürmə varsa, bir həftə də əlavə olunur — arxiv köçürülməli, ünvanlar qorunmalı, yönləndirmələr qurulmalıdır.
Yayımdan sonra texniki baxım xüsusilə vacibdir: xəbər saytı həm çox yenilənir, həm də hücum üçün cəlbedici hədəfdir. Aylıq baxım və ya tək-tək müdaxilə — hansı uyğundursa.