ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət

Saytın sürətləndirilməsi

Sayt üç saniyədən çox açılırsa, ziyarətçilərin böyük hissəsi gözləmir. Üstəlik Google da sürəti sıralamada nəzərə alır. Ölçürəm, səbəbi tapıram, düzəldirəm — dizaynı pozmadan.

«Saytım yavaşdır» şikayəti ilə gələn saytların böyük hissəsində problem eyni üç yerdədir: nəhəng şəkillər, keşin olmaması və lazımsız plugin-lər. Dördüncü yerdə hostinq dayanır. Beşincidə isə baza.

Ona görə iş həmişə ölçmə ilə başlayır — təxminlə deyil.

Əvvəlcə ölçmə

PageSpeed Insights, GTmetrix və brauzerin öz alətləri ilə saytın hansı mərhələdə vaxt itirdiyini çıxarıram: serverin ilk cavabı nə qədər çəkir, şəkillər nə qədər ağırdır, hansı skript səhifəni bloklayır. Bu ölçmənin nəticəsi sizə yazılı verilir ki, işdən sonra müqayisə edə biləsiniz.

Mobil və masaüstü ayrıca ölçülür — bunlar çox vaxt tamam fərqli nəticə verir və əsas olan mobildir.

Şəkillər — ən böyük qazanc

Saytların çoxunda səhifə ağırlığının 70–80%-i şəkillərdir. Fotoaparatdan və ya telefondan çıxan şəkil birbaşa sayta yüklənəndə 4–6 meqabayt olur; eyni şəkil WebP formatında və düzgün ölçüdə 200–400 kilobayt olur. Gözlə fərq görünmür.

Bu işi avtomatlaşdırmaq üçün öz plugin-lərimi yazmışam: RunConvert sayta yüklənən hər şəkli avtomatik WebP-yə çevirir, RunConvertAll isə mövcud bütün media kitabxananı toplu şəkildə çevirir. Mağazada ikisi də var.

Keş

Keşsiz WordPress hər ziyarətçi üçün səhifəni yenidən qurur: bazaya onlarla sorğu, PHP hesablamaları, sonra HTML. Keş isə hazır səhifəni saxlayır və dərhal verir. Düzgün qurulanda ilk cavab vaxtı bir neçə dəfə azalır.

Burada əsas incəlik budur: keş xəbər saytında, mağazada və adi saytda fərqli qurulmalıdır. Səbətin, sifariş səhifəsinin və son xəbərlərin keşlənməsi problem yaradır. Hazır plugin-i «quraşdırıb getmək» ona görə çox vaxt işləmir.

Lazımsız skriptlər və plugin-lər

Hər plugin saytın hər səhifəsinə öz CSS və JavaScript faylını əlavə edir — çox vaxt orada lazım olmasa belə. İyirmi plugin-li saytda bu, əlavə 30–40 fayl deməkdir.

Nə edirəm: hansı plugin-in hansı səhifədə lazım olduğunu ayırıram, qalanlarında yüklənməsini bağlayıram, təkrarlanan funksiyaları olan plugin-ləri birləşdirirəm, ümumiyyətlə işlənməyənləri silirəm.

Baza və arxiv

Bu, böyüyən saytlarda əsas səbəbdir və çox vaxt gözdən qaçır. Minlərlə yazı, on minlərlə şərh, illərlə yığılmış yazı versiyaları və keçici qeydlər bazanı şişirdir. Sorğular yavaşlayır, amma PageSpeed bunu birbaşa göstərmir — yalnız «server cavabı yavaşdır» deyir.

Burada iş bazanın təmizlənməsi, indekslərin yoxlanması və ağır sorğuların tapılmasıdır.

Hostinq

Bəzən saytda problem yoxdur — hostinq zəifdir. Ucuz paylaşımlı hostinqdə yüzlərlə sayt eyni serverdə oturur və sizin sayt başqasının yükünə görə yavaşlayır. Ölçmə bunu göstərir: sayt boş olanda da ilk cavab bir saniyədən çox çəkirsə, məsələ serverdədir.

Bu halda ya ayar dəyişir, ya da köçürmə təklif edirəm. Köçürmə zamanı sayt bağlanmır.

Nəticə necə təqdim olunur

  • Əvvəl/sonra ölçmə hesabatı — rəqəmlərlə, mobil və masaüstü ayrıca
  • Nəyin dəyişdirildiyinin siyahısı
  • Sonrakı addımlar üçün tövsiyələr — məsələn hostinq dəyişikliyi lazımdırsa

Dizayn pozulmur. Sürətləndirmə adı ilə saytın görünüşünü korlamaq asandır — şəkilləri həddən artıq sıxmaq, şriftləri çıxarmaq, animasiyaları söndürmək. Mən bunu etmirəm: işdən sonra sayt eyni görünür, sadəcə tez açılır.

Tez-tez verilən suallar

Nə qədər sürət qazancı olur?

Saytın hazırkı vəziyyətindən asılıdır. Heç vaxt optimallaşdırılmamış saytlarda fərq böyük olur; əvvəllər işlənmiş saytlarda qazanc daha azdır. Ölçmədən sonra realist rəqəm deyirəm — «100 bal» vədi vermirəm, çünki o, çox vaxt dizaynın qurban verilməsi deməkdir.

PageSpeed-də 100 bal almaq lazımdırmı?

Yox. 90+ yaxşı nəticədir, 100 isə çox vaxt real saytda əlçatmaz və lazımsızdır. Əsas olan ziyarətçinin hiss etdiyi sürətdir, bal yox.

Mənim saytım WordPress deyil, yenə baxırsınızmı?

Bəli. Statik saytlar, xüsusi yazılmış saytlar və digər sistemlər üçün də eyni iş aparılır.

Sürətləndirmə SEO-ya kömək edirmi?

Birbaşa sıralama amilidir, amma tək başına möcüzə yaratmır. Ən böyük faydası ziyarətçinin saytı tərk etməməsidir — bu da dolayısı ilə sıralamaya təsir edir.

Saytınızı ölçək

Saytın ünvanını yazın — ölçüb hansı mərhələdə vaxt itirdiyini və nə qədər qazanc mümkün olduğunu deyim.

Davamı