ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · Media

Xəbər portalı üçün nə lazımdır?

Texniki hissə düşündüyünüzdən asandır. Çətin olan — struktur qərarlarıdır, çünki onlar bir dəfə verilir və sonradan dəyişdirilməsi baha başa gəlir.

Jurnalistəm və eyni zamanda media saytları qururam — bu yazı hər iki tərəfdən baxışdır. Aşağıdakılar portal açmazdan əvvəl qərar verilməli məsələlərdir.

1. Ünvan strukturu

Ən vacib və ən çox səhv edilən qərar. Yazının ünvanı necə olacaq?

  • /2026/10/basliq/ — tarixli. Arxivdə aydındır, amma köhnə xəbər köhnə görünür.
  • /kateqoriya/basliq/ — kateqoriyalı. Məntiqlidir, amma yazını başqa kateqoriyaya keçirəndə ünvan dəyişir.
  • /basliq/ — sadə. Ən çevik variant, uzunmüddətli perspektivdə ən az problem yaradanı.

Qərar bir dəfə verilir: sonradan dəyişmək minlərlə yönləndirmə deməkdir.

2. Kateqoriya və teq strukturu

Ən çox rast gəldiyim xəstəlik: nəzarətsiz teqlər. Hər müxbir öz teqini yazır, bir ildən sonra saytda 4000 teq səhifəsi olur və onların 3500-i bir yazılıqdır. Bu səhifələr Google üçün zəif məzmundur və saytın ümumi keyfiyyətini aşağı salır.

Həlli: kateqoriyalar az və sabit olsun (8–12), teqlər isə siyahıdan seçilsin, əl ilə yazılmasın.

3. Müəllif səhifələri

Hər jurnalistin öz səhifəsi olsun: foto, qısa bio, bütün yazıları, sosial şəbəkə keçidləri. Bu, Google-ın məzmuna etibarını artıran amillərdəndir və oxucu üçün də dəyərlidir.

4. Redaksiya iş axını

  • Kim yazır, kim redaktə edir, kim təsdiqləyir?
  • Təsdiqlənməyən yazı yayımlana bilərmi?
  • Təcili xəbər halında ssenari nədir?
  • Səhv yayımlanan xəbər necə geri çəkilir?

Bunlar texniki yox, təşkilati suallardır — amma panelin necə qurulacağını məhz onlar müəyyən edir.

5. Şəkil siyasəti

Media saytında şəkil həm ən böyük texniki yük, həm də ən böyük hüquqi risqdir. İki qərar: şəkillər haradan götürüləcək (öz arxiv, agentlik, lisenziyalı bank) və necə emal olunacaq (avtomatik WebP çevirmə, ölçü limiti).

Başqasının şəklini mənbəsiz götürmək Azərbaycanda adi haldır, amma hüquqi tələb riski realdır.

6. Sürət və arxiv

Portal yeni qurulanda uçur, bir ildən sonra sürünür — bunun səbəbi demək olar ki, həmişə arxivin böyüməsinə hazırlanmamış strukturdur. Baş səhifə keşi, şəkillərin formatı, baza indeksləri və sorğuların optimallaşdırılması başlanğıcda qurulmalıdır.

7. Google News və Discover

Texniki tərəfdən lazım olanlar: xəbər sitemap-ı, NewsArticle struktur məlumatı, aydın tarix və müəllif göstəriciləri, sabit yayım tempi, orijinal məzmun. Bunlar düzgün qurulsa da, qəbul zəmanətli deyil — redaksiya siyasəti də nəzərə alınır.

8. Hostinq

Xəbər saytında əsas məsələ orta trafik deyil, pik dalğalarıdır: böyük hadisə olanda yük dəqiqələr ərzində on qat artır. Paylaşımlı hostinq məhz o anda dayanır. VPS və ya güclü paket başlanğıcdan planlaşdırılmalıdır.

9. Təhlükəsizlik

Xəbər saytları ikiqat hədəfdir — həm trafikə, həm də məzmuna görə. Minimum: ikiaddımlı doğrulama, rol əsaslı icazələr, gündəlik ehtiyat nüsxə, işdən çıxan əməkdaşın girişinin dərhal bağlanması.

10. Gəlir modeli

Reklam, sponsorlu məzmun, abunə və ya qarışıq. Bu qərar texniki quruluşa birbaşa təsir edir: reklam yerləri dizaynda əvvəlcədən nəzərdə tutulmalıdır, abunə varsa istifadəçi sistemi lazımdır. Sonradan əlavə etmək həmişə baha olur.

Tez-tez verilən suallar

Hazır şablonla başlamaq olarmı?

Olar və çox vaxt məntiqlidir — hazır xəbər portalı dizaynları satışdadır. Əsas odur ki, şablon seçimi yuxarıdakı struktur qərarlarını məhdudlaşdırmasın.

Neçə adamla başlamaq olar?

Texniki məhdudiyyət yoxdur. Bir nəfərlik portal da, iyirmi nəfərlik redaksiya da eyni quruluşda işləyə bilər — fərq rollar və iş axınındadır.

Köhnə portalımı yeniyə köçürsəm arxiv itərmi?

Düzgün aparılsa yox: arxiv köçürülür, köhnə ünvanlar 301 ilə yenisinə bağlanır. Bu iş atlansa, Google trafikinin böyük hissəsi itir.

Portalınızı planlaşdıraq

Nə yayımlamaq istədiyinizi və neçə nəfərlik redaksiya olacağını yazın — uyğun strukturu və müddəti deyim.

Davamı