ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · Texniki

Yeniləmədən əvvəl nə yoxlanmalıdır

Yeniləmək lazımdır — yenilənməyən sayt hack olunur. Amma kor-koranə yeniləmək də saytı sındırır. Ortada bir neçə dəqiqəlik yoxlama var.

Yeniləmə saytı niyə sındırır

WordPress özü nadir hallarda problem yaradır. Problem demək olar ki, həmişə uyğunsuzluqdan çıxır: plugin yeni WordPress versiyası üçün hazır deyil, şablon yeni PHP ilə uyğun gəlmir, yaxud iki plugin eyni funksiyaya toxunur.

Ən riskli hallar: uzun müddətdir yenilənməyən plugin-lər, nəhəng «hər şeyi edən» şablonlar, saytın kodunda əl ilə edilmiş dəyişikliklər (uşaq şablon olmadan).

Yeniləmədən əvvəl: beş dəqiqəlik yoxlama

  1. Ehtiyat nüsxə alın — fayllar və baza. Bu, danışılmaz şərtdir.
  2. Plugin-in son yenilənmə tarixinə baxın. İki ildir yenilənməyən plugin özü risqdir — yeniləmədən asılı olmayaraq.
  3. Dəyişiklik qeydlərini (changelog) oxuyun. «Major update», «breaking change» yazırsa, ehtiyatlı olun.
  4. Uşaq şablonunuzun olduğunu yoxlayın. Şablon kodunda dəyişiklik etmisinizsə və uşaq şablon yoxdursa, yeniləmə həmin dəyişiklikləri silir.
  5. Vaxt seçin. Cümə axşamı gecə yox. Səhər, iş saatında — problem çıxsa həll etməyə vaxtınız olsun.

Düzgün ardıcıllıq

  1. Nüsxə
  2. Əvvəlcə plugin-ləri — hamısını birdən yox, bir-bir
  3. Hər plugin-dən sonra saytı yoxlayın: baş səhifə, bir daxili səhifə, forma, mağaza varsa səbət
  4. Sonra şablon
  5. Ən sonda WordPress nüvəsi

Bir-bir yeniləmək uzun çəkir, amma problem çıxanda səbəbi dərhal bilirsiniz. Hamısını birdən yeniləyib sayt sınanda isə 20 ehtimal arasında axtarış başlayır.

Sınaq saytı

Ciddi saytlarda ən düzgün yol budur: saytın nüsxəsi ayrıca ünvanda (staging) saxlanılır, yeniləmə əvvəlcə orada edilir, hər şey qaydasındadırsa canlı sayta tətbiq olunur. Hostinqlərin bir çoxunda bu funksiya hazır var.

Sayt sındısa

  1. Panikaya düşməyin və ardıcıl təsadüfi düzəlişlər etməyin.
  2. Son yenilənən plugin-i söndürün. Panelə girə bilmirsinizsə, FTP-dən wp-content/plugins içindəki həmin qovluğun adını dəyişin.
  3. Sayt açılırsa — səbəb tapıldı. Plugin-in köhnə versiyasını geri qaytarın və ya alternativ axtarın.
  4. Açılmırsa — şablonu standart şablonla əvəz edib yoxlayın.
  5. Yenə olmursa, nüsxədən bərpa edin. Saytım açılmır yazısında digər səbəblər də var.

Öz alətim: bu işi asanlaşdırmaq üçün WP Update Risk Checker plugin-ini yazmışam — yeniləmə düyməsinə basmazdan əvvəl hər plugin üçün risk balı verir, PHP və WordPress uyğunluğunu yoxlayır və backup plugin-inizin son nüsxəsinin tarixini göstərir.

Avtomatik yeniləmə açılsınmı?

Təhlükəsizlik yeniləmələri üçün — bəli. Böyük versiya yeniləmələri üçün — yox, xüsusən mağaza və xəbər saytlarında. Orta yol: nüvənin kiçik yeniləmələri avtomatik, plugin və şablonlar isə əl ilə, yoxlanaraq.

Tez-tez verilən suallar

Köhnə plugin-i yeniləməsəm nə olar?

Vaxt keçdikcə iki risk artır: məlum təhlükəsizlik boşluğu (botlar məhz bunları axtarır) və yeni PHP versiyası ilə uyğunsuzluq. Yeniləməmək həll deyil — sınaq saytında yoxlayıb yeniləmək həlldir.

Plugin-in köhnə versiyasını necə qaytarıram?

Plugin kataloqunda «Advanced View» bölməsində əvvəlki versiyalar mövcuddur. Fayl endirilib FTP ilə əvəzlənir. Bu, müvəqqəti həlldir — uzunmüddətli yol alternativ tapmaqdır.

Uşaq şablon nədir?

Əsas şablonun üzərində qurulan kiçik şablondur: dəyişikliklərinizi orada saxlayırsınız və əsas şablon yeniləndikdə onlar silinmir. Kodda hər hansı dəyişiklik edirsinizsə, mütləq lazımdır.

Yeniləmə saytı sındırıbsa

Nə yenilədiyinizi və nə baş verdiyini yazın — baxıb qaytarım. Həll olunmasa ödəniş yoxdur.

Davamı