ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · Texniki

Saytım açılmır — nə etməli?

Panikaya düşməyin və təsadüfi düzəlişlərə başlamayın: ən çox zərər bu mərhələdə dəyir. Aşağıda səbəbləri ehtimal sırası ilə düzmüşəm — birinci yoxlanacaqdan sonuncuya.

Əvvəlcə bir dəqiqəlik yoxlama: sayt həqiqətən hamı üçün açılmır, yoxsa yalnız sizdə? Telefonunuzun mobil internetindən (Wi-Fi söndürülmüş halda) açmağa çalışın. Orada açılırsa, problem sizin internet provayderinizdə və ya brauzerinizin keşindədir, saytda deyil.

Hamı üçün açılmırsa, aşağıdakı sıra ilə gedin.

1. Domenin müddəti bitib

Ən çox rast gəldiyim səbəb budur və ən asan həll olunandır. Domenin illik ödənişi unudulur, qeydiyyatçı domeni dayandırır, sayt yox olur.

Əlaməti: brauzer «bu sayta çatmaq olmur» yazır, yaxud qeydiyyatçının «bu domen satışdadır» səhifəsi açılır.

Həlli: domeni harada aldığınızı xatırlayın, panelə girin, ödəyin. Ödənişdən sonra bərpa bir neçə saat çəkə bilər. Müddət bitəndən sonra 30 gün ərzində adətən problemsiz bərpa olunur — sonra isə domen başqasına keçə bilər.

2. Hostinq ödənişi və ya resurs limiti

Hostinqin müddəti bitib, yaxud paketin resurs limiti dolub. İkincisi xüsusilə trafik artanda olur.

Əlaməti: hostinq şirkətinin «hesab dayandırılıb» səhifəsi, yaxud «Resource Limit Is Reached» yazısı.

Həlli: hostinq panelinə girin, ödəniş və resurs göstəricilərinə baxın. Limit müntəzəm dolursa, ya paket kiçikdir, ya da sayt həddən artıq resurs yeyir — ikincisi optimallaşdırma ilə həll olunur.

3. Ağ ekran

Səhifə açılır, amma tamamilə boşdur. Bu, PHP xətasıdır — kodda bir yerdə problem var və server cavabı yarımçıq qalıb.

Ən çox səbəb: yeni yenilənmiş plugin, şablonun functions.php faylına əlavə edilmiş kod, yaxud PHP yaddaş limitinin dolması.

Həlli: hostinq panelində xəta jurnalına (error log) baxın — orada adətən faylın adı və sətir nömrəsi yazılır. Admin panelinə girə bilirsinizsə, son yenilənən plugini söndürün. Girə bilmirsinizsə, FTP və ya fayl menecerindən wp-content/plugins qovluğunun adını müvəqqəti dəyişin: sayt açılırsa, səbəb plugin-dədir.

4. 500 Internal Server Error

Serverin «nəsə səhv getdi» cavabı. Ən çox səbəblər: .htaccess faylında səhv sətir, yaddaş limiti, zədələnmiş fayl.

Həlli: .htaccess faylının adını müvəqqəti .htaccess-kohne edin və saytı yoxlayın. Açılırsa, problem orada idi — WordPress panelindən daimi keçidləri yenidən yadda saxlamaqla fayl yenidən yaradılır.

5. SSL xəbərdarlığı

Sayt açılır, amma brauzer «Bu bağlantı təhlükəsiz deyil» yazır və adamların çoxu bu mərhələdə geri qayıdır.

Səbəblər: sertifikatın müddəti bitib (Let's Encrypt 90 günlükdür və avtomatik yenilənməsi pozula bilər), yaxud qarışıq məzmun var — səhifə https-dədir, amma içindəki şəkil və skriptlər http ünvanına baxır.

Həlli: hostinq panelində sertifikatın vəziyyətini yoxlayın. Qarışıq məzmun halında saytdakı bütün daxili ünvanlar https-ə keçirilməlidir.

6. Yönləndirmə dövrəsi

Brauzer «səhifə çox dəfə yönləndirildi» yazır. Adətən WordPress-in ünvan ayarları ilə hostinqin yönləndirmə qaydaları bir-biri ilə ziddiyyətdə olanda baş verir — məsələn biri www-ya, digəri www-suza yönləndirir.

Həlli: WordPress ayarlarındakı sayt ünvanı ilə .htaccess-dəki qaydaları uyğunlaşdırmaq lazımdır. Panelə girə bilmirsinizsə, ünvanlar wp-config.php faylından da təyin edilə bilər.

7. Sayt hack olunub

Əlamətləri: sayt başqa ünvana yönləndirir (xüsusən yalnız telefonda), tanımadığınız səhifələr görünür, Google axtarışda xəbərdarlıq var, hostinq spam göndərildiyini bildirir.

Həlli: burada təsadüfi düzəliş etməyin. Şifrələri dəyişin və peşəkar təmizləmə aparın — ilk saatda nə etmək lazım olduğunu ayrıca yazmışam.

8. DNS problemi

Domen və hostinq yerindədir, amma domen hostinqə düzgün baxmır. Bu, adətən hostinq dəyişdirildikdən sonra olur.

Əlaməti: sayt bəzi adamlarda açılır, bəzilərində yox. Səbəb DNS yeniləməsinin hələ hər yerə yayılmamasıdır — bu, 24 saata qədər çəkə bilər.

9. Keş köhnə nüsxəni göstərir

Saytda düzəliş etmisiniz, amma dəyişiklik görünmür; yaxud sayt bərpa olunub, amma hələ də xəta verir. Səbəb keşdir — ya plugin-in, ya serverin, ya da brauzerinizin.

Həlli: brauzerdə Ctrl+F5, sonra keş plugin-indən keşi təmizləyin. Server tərəfində OPcache da ola bilər — bu, kodu yaddaşda saxlayır və bəzi hostinqlərdə köhnə faylı günlərlə verir.

Nə etməyin: ardıcıl olaraq internetdən tapdığınız bütün məsləhətləri tətbiq etməyin. Hər dəyişiklikdən sonra saytı yoxlayın. Fayl silməyin — adını dəyişin. Və ən vacibi: nəyisə etməzdən əvvəl ehtiyat nüsxə alın, çünki sınıq sayt itmiş saytdan yaxşıdır.

Bir daha olmasın deyə

  • Domen və hostinqin bitmə tarixini təqvimə yazın, avtomatik ödənişi aktivləşdirin
  • Gündəlik avtomatik ehtiyat nüsxə qurun — hostinqin öz nüsxəsinə güvənməyin, ayrıca da saxlayın
  • Plugin-ləri yeniləməzdən əvvəl nüsxə alın
  • İşlənməyən plugin və şablonları silin
  • Hostinq panelinin və WordPress-in girişlərini yazılı bir yerdə saxlayın — problem anında axtarmaq ən pis vaxtdır

Tez-tez verilən suallar

Sayt yalnız telefonda açılmır, kompüterdə işləyir. Səbəb nədir?

İki ehtimal: ya mobil keş köhnə nüsxəni göstərir, ya da sayt hack olunub — bəzi zərərli kodlar yalnız mobil ziyarətçini yönləndirir ki, sahibi fərqinə varmasın. İkincisi təəssüf ki, tez-tez olur.

Error log-u haradan tapıram?

cPanel-də «Errors» və ya «Metrics → Errors» bölməsində. Bəzi hostinqlərdə fayl menecerində error_log adlı fayl kimi saytın kök qovluğunda yerləşir.

Ehtiyat nüsxəm yoxdur, sayt bərpa oluna bilərmi?

Çox vaxt bəli. Hostinq şirkətlərinin əksəriyyəti öz server nüsxəsini saxlayır — dəstəyə yazıb soruşun. Bundan başqa, Google keşindən və Wayback Machine-dən məzmunun bir hissəsini çıxarmaq mümkündür.

Özüm düzəldə bilmirəm, nə qədərə baxırsınız?

Problemi görəndən sonra qiymət deyirəm və həll olunmasa ödəniş almıram. Texniki dəstək səhifəsində ətraflı yazılıb.

Sayt hələ də açılmırsa

Ekran şəklini və saytın ünvanını göndərin — baxıb nə olduğunu deyim. Həll olunmasa ödəniş yoxdur.

Davamı