ruN ruN DizaynMəhəmməd Türkmən
Xidmət

Hostinq, domen və e-poçt

Saytın başqa hostinqə köçürülməsi, yeni domenin bağlanması, SSL və şirkət poçtunun qurulması. Bunlar görünməyən işlərdir — düzgün ediləndə heç kim fərqinə varmır, səhv ediləndə sayt bir neçə gün itir.

Hostinq köçürmə

Adamlar hostinqi adətən üç səbəbdən dəyişir: sayt yavaşdır, dəstək cavab vermir, yaxud qiymət qalxıb. Köçürmə özü mürəkkəb iş deyil — mürəkkəb olan, bunu sayt dayanmadan etməkdir.

Səhv edilən köçürmədə nə olur: fayllar köçürülür, DNS dəyişdirilir və növbəti 24–48 saat ərzində ziyarətçilərin bir hissəsi köhnə serverə, bir hissəsi yenisinə düşür. Bu müddətdə köhnə serverə gələn sifarişlər, formalar və şərhlər itir, çünki onlar köçürülməyən bazaya yazılır.

Düzgün ardıcıllıq

  1. Yeni hostinqdə sayt tam qurulur və müvəqqəti ünvanda yoxlanılır — əsl domen hələ köhnə serverə baxır
  2. Bütün formalar, ödəniş, poçt göndərişi yeni serverdə sınaqdan keçirilir
  3. DNS-in yenilənmə müddəti (TTL) əvvəlcədən qısaldılır ki, keçid saatlarla yox, dəqiqələrlə getsin
  4. Köhnə sayt yazma rejimindən çıxarılır — keçid anında yeni sifariş köhnə bazaya düşməsin
  5. Baza son dəfə sinxronlaşdırılır və DNS dəyişdirilir
  6. SSL yeni serverdə qurulur, https yönləndirməsi yoxlanılır
  7. Bir neçə gün köhnə hostinq saxlanılır — geri qayıtmaq lazım gələrsə

Domen kimin adınadır? Köçürmədən əvvəl mütləq yoxlayın. Çox müştəri domenin keçmiş ustanın və ya agentliyin adına qeydiyyatda olduğunu məhz köçürmək istəyəndə öyrənir. Domen sizin adınıza olmalıdır — bu, saytın mülkiyyət sənədidir.

Domen alınması və bağlanması

  • .az domeni — Azərbaycan üçün etibar baxımından üstünlükdür, amma sənəd tələb olunur və qeydiyyat qaydaları .com-dan fərqlidir.
  • .com domeni — beynəlxalq, tez alınır, sənədsiz.
  • Hər ikisini almaq və birini digərinə yönləndirmək ən təhlükəsiz variantdır — adınızı başqası götürməsin.

Domen alındıqdan sonra sayta bağlanması DNS qeydləri ilə edilir: A qeydi, CNAME, poçt üçün MX, təhlükəsizlik üçün SPF və DKIM. Bunların hamısı düzgün qurulmasa, sayt açılsa belə poçt işləmir.

Korporativ e-poçt

ad@sirketiniz.az şəklində poçt şirkətin ciddiliyini göstərir. Qurulması özü sadədir, amma iki məsələ var ki, çox vaxt atlanır:

  • Məktublar spam-a düşür. Səbəb demək olar ki, həmişə SPF, DKIM və DMARC qeydlərinin olmamasıdır. Bunlar qurulmayanda Gmail və Outlook sizin poçtunuza inanmır.
  • Saytdan gələn məktublar çatmır. Əlaqə formasının məktubu hostinqin öz funksiyası ilə göndərilirsə, böyük ehtimalla itir. Düzgün yol SMTP ilə göndərməkdir.

Poçtu telefonunuza və Outlook-a da qururam — bu, adətən ən çox sual doğuran hissədir.

SSL və https

Let's Encrypt sertifikatı pulsuzdur və hostinqlərin çoxunda bir kliklə qurulur. Problem adətən sertifikatda yox, ondan sonra olur: sayt həm http, həm https ünvanda açılır, daxildəki şəkil və skriptlər köhnə http ünvanlarına baxır və brauzer «təhlükəsiz deyil» yazır. Buna qarışıq məzmun deyilir və bütün daxili ünvanların yenilənməsi ilə həll olunur.

Hansı hostinqi seçmək

Konkret şirkət reklam etmirəm, çünki şərtlər tez-tez dəyişir. Seçərkən baxdığım şeylər:

  • PHP versiyasını özünüz dəyişə bilirsinizmi — bu, çox vacibdir və bəzi yerli hostinqlərdə bağlıdır
  • Avtomatik gündəlik ehtiyat nüsxə var, yoxsa yox
  • Serverin fiziki yeri — auditoriya Azərbaycandadırsa, yaxın server daha tezdir
  • Dəstəyin cavab müddəti — gecə saat ikidə sayt dayananda bu, ən vacib göstəriciyə çevrilir
  • Resurs limitləri: eyni serverdə neçə sayt olduğu birbaşa yazılmır, amma qiymətdən təxmin etmək olar

Mövcud hostinqinizdə problem olub-olmadığını ölçmə ilə dəqiqləşdirmək olar — bəzən sayt yox, server yavaşdır.

Tez-tez verilən suallar

Köçürmə zamanı sayt neçə saat bağlı qalır?

Düzgün aparılsa, ümumiyyətlə bağlanmır. Yeni server əvvəlcədən hazırlanır, keçid isə dəqiqələr çəkir. Ziyarətçi fərqi hiss etmir.

Poçt məktublarım köçürmədə itərmi?

Yox, poçt qutuları da köçürülür. Amma köçürmədən əvvəl poçtun harada saxlandığını yoxlamaq lazımdır — hostinqdədirsə köçürülür, Google Workspace kimi xarici xidmətdədirsə ona toxunulmur, sadəcə MX qeydləri qorunur.

Domenim başqasının adınadır, nə edim?

Domeni öz adınıza keçirmək lazımdır. Qeydiyyatçı şirkətdən transfer kodu alınır və köçürmə aparılır. Keçmiş usta əlaqə saxlamırsa, qeydiyyatçıya sənədlə müraciət yolu var — .az domenlərində bu proses fərqlidir.

Saytı özüm köçürə bilərəmmi?

Kiçik statik sayt üçün bəli. WordPress və xüsusilə mağaza saytında isə baza, ünvanlar və poçt ayarları var — burada səhv etmək asandır və nəticəsi sifariş itkisi olur.

Köçürməni danışaq

Hazırkı hostinqinizi və saytın növünü yazın — köçürmənin nə qədər vaxt aparacağını və nəyə diqqət etmək lazım olduğunu deyim.

Davamı