ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · İnfrastruktur

Hostinq necə seçilir?

Hostinq saytın altındakı torpaqdır. Yaxşı seçiləndə heç vaxt onu xatırlamırsınız; pis seçiləndə saytın hər problemində yolunuz ora düşür.

Üç növ var

Paylaşımlı hostinq. Bir serverdə yüzlərlə sayt. Ən ucuz variantdır və kiçik saytların böyük hissəsinə kifayətdir. Çatışmazlığı: qonşunun yükü sizə təsir edir.

VPS. Serverin bir hissəsi yalnız sizindir — resurslar zəmanətlidir. Daha baha və idarə olunması texniki bilik tələb edir (idarə olunan VPS variantı istisnadır).

İdarə olunan WordPress hostinqi. Yeniləmə, keş, ehtiyat nüsxə və təhlükəsizlik provayder tərəfindən aparılır. Rahatdır, bahadır və bəzən məhdudiyyətləri olur — istədiyiniz plugin-i qura bilməyə bilərsiniz.

Seçərkən yoxlanacaq yeddi şey

  1. PHP versiyasını özünüz dəyişə bilirsinizmi. Bunu xüsusi vurğulayıram, çünki bəzi yerli hostinqlərdə bu seçim bağlıdır. Nəticədə sayt köhnə PHP-də qalır — həm yavaş, həm təhlükəsizlik baxımından riskli olur.
  2. Avtomatik ehtiyat nüsxə var, yoxsa yox. Varsa: neçə gün saxlanılır və özünüz bərpa edə bilirsinizmi, yoxsa dəstəyə yazmaq lazımdır.
  3. Resurs limitləri. «Limitsiz» sözü marketinq terminidir — real limitlər müqavilənin dərinliyində yazılır: eyni anda neçə proses, nə qədər CPU, neçə giriş.
  4. Serverin fiziki yeri. Auditoriyanız Azərbaycandadırsa, yaxın server (Azərbaycan, Türkiyə, Almaniya) daha tez cavab verir. ABŞ-dakı server hər sorğuya yüzlərlə millisaniyə əlavə edir.
  5. Dəstəyin cavab müddəti. Bunu almazdan əvvəl yoxlayın: sadə bir sual yazın və nə qədərə cavab gəldiyinə baxın. Gecə saat ikidə sayt dayananda bu göstərici hər şeydən vacib olur.
  6. SSL və onun avtomatik yenilənməsi. Let's Encrypt pulsuzdur, amma avtomatik yenilənməsi hər hostinqdə düzgün qurulmayıb.
  7. Köçürmə yardımı. Yeni hostinqlərin çoxu saytı pulsuz köçürür — bu, həm pula, həm də əsəbə qənaətdir.

Ucuz hostinqin əsl qiyməti

İllik 20–30 manatlıq paketlər var. Onlarda adətən bunlar olur: serverdə həddən artıq sayt, ehtiyat nüsxənin olmaması və ya pullu olması, köhnə PHP, ləng dəstək, resurs limitinə tez-tez çatma.

Nəticə: sayt gündə bir neçə dəfə «Resource Limit» xətası verir, ziyarətçi gedir, siz isə səbəbi saytda axtarırsınız. Qənaət edilən 50 manat bir problemin həllində itir.

Bu o demək deyil ki, ən bahalını almaq lazımdır. Orta seqment, yuxarıdakı yeddi meyarı ödəyən paket kifayətdir.

Sizə nə qədər resurs lazımdır

  • Vizit və ya xidmət saytı (gündə 100–500 ziyarət): ən sadə paylaşımlı paket kifayətdir.
  • Korporativ sayt və bloq (gündə 500–2000): orta paylaşımlı paket, keş mütləq.
  • Mağaza: paylaşımlının yuxarı paketi və ya VPS — səbət və sifariş səhifələri keşlənmir, yəni server hər dəfə iş görür.
  • Xəbər portalı: VPS. Səbəb orta trafik deyil, pik dalğalarıdır — böyük xəbər çıxanda yük dəqiqələr ərzində on qat artır.

Hostinqi dəyişmək qorxuludurmu?

Düzgün aparılsa, sayt ümumiyyətlə bağlanmır: yeni server əvvəlcədən hazırlanır, yoxlanılır, sonra DNS dəyişdirilir. Köçürmənin ardıcıllığını ayrıca yazmışam.

Əsas qayda: köhnə hostinqi dərhal bağlamayın. Bir neçə gün saxlayın — geri qayıtmaq lazım gələrsə, yol açıq olsun.

Tez-tez verilən suallar

Azərbaycan hostinqi, yoxsa xarici?

Auditoriya Azərbaycandadırsa, yerli və ya yaxın region serveri sürət baxımından üstündür. Amma texniki imkanlar və dəstək keyfiyyəti də nəzərə alınmalıdır — bəzən yaxınlıq bunu kompensasiya etmir. Hər iki variantı ölçməklə yoxlamaq olar.

«Limitsiz trafik» doğrudurmu?

Praktikada yox. Trafik limitsiz ola bilər, amma CPU, yaddaş və proses limitləri həmişə var — və sayt məhz onlara görə dayanır.

Hostinq ilə domeni eyni yerdən almaq lazımdırmı?

Məcburi deyil və bəzən ayırmaq daha yaxşıdır: hostinqlə problem yaşasanız, domen başqa yerdə olanda köçürmək asan olur.

Hostinq seçimində kömək

Saytınızın növünü və təxmini trafikini yazın — hansı paketin kifayət etdiyini deyim.

Davamı