Ad seçimi
- Qısa və tələffüz oluna bilən. Telefonda deyəndə qarşı tərəf səhvsiz yaza bilməlidir.
- Defis və rəqəmdən qaçın. «saytim-az-2» tipli adlar həm yadda qalmır, həm də səhv yazılır.
- Azərbaycan hərflərindən çəkinin. Texniki olaraq mümkündür, amma praktikada problem yaradır — ə, ğ, ş klaviaturada hər kəsdə yoxdur.
- Brendə uyğun olsun. Açar sözü domenə sıxışdırmaq (sayt-hazirlanmasi-baki.com) artıq SEO üstünlüyü vermir və ucuz görünür.
.az, yoxsa .com?
.az — Azərbaycan auditoriyasında etibar yaradır və yerli axtarışda müsbət siqnaldır. Əvəzində qeydiyyat üçün sənəd tələb olunur (hüquqi şəxslər üçün qeydiyyat sənədi, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi) və proses .com qədər ani deyil.
.com — beynəlxalq, dərhal alınır, sənəd tələb etmir. Auditoriyanız ölkədən kənardadırsa və ya beynəlxalq görünmək istəyirsinizsə uyğundur.
Praktik məsləhət: imkan varsa, hər ikisini alın və birini digərinə yönləndirin. Bu, həm brendinizi qoruyur, həm də gələcəkdə kiminsə sizin adınızı götürməsinin qarşısını alır. İllik xərci azdır, itkisi isə böyük ola bilər.
Ən vacib məsələ: kimin adına
Domen mütləq sizin və ya şirkətinizin adına qeydiyyatdan keçməlidir. Usta, agentlik və ya «tanış oğlan» öz adına alıbsa, bir gün onunla yolunuz ayrılanda sayt girov qalır. Bu, sahədə ən çox rast gəldiyim problemlərdən biridir və hər dəfə eyni cür ağrılı olur.
Yoxlamaq asandır: WHOIS sorğusu ilə domenin kimin adına olduğuna baxa bilərsiniz. Məlumat gizlədilibsə, qeydiyyatçı şirkətdən soruşun — sahib olaraq bunu bilmək haqqınızdır.
DNS — domeni sayta bağlamaq
Domen alındıqdan sonra onun hara baxdığını DNS qeydləri müəyyən edir. Əsas qeydlər:
| Qeyd | Nə üçündür |
|---|---|
| A | Domeni serverin IP ünvanına bağlayır |
| CNAME | Alt domeni (www) başqa ünvana yönləndirir |
| MX | Poçtun hara gedəcəyini göstərir |
| TXT / SPF | Kimin sizin adınızdan məktub göndərə biləcəyini bildirir |
| DKIM | Məktubun imzalanması — spam-a düşməmək üçün |
Dəyişiklikdən sonra yayılma (propagation) adətən bir neçə saat, bəzən 24 saata qədər çəkir. Bu müddətdə sayt bəzilərinə köhnə, bəzilərinə yeni serverdən açıla bilər — bu normaldır.
Poçt və spam problemi
Ən çox verilən şikayət: «saytdan gələn məktublar çatmır» və ya «göndərdiyim məktub spam-a düşür». Səbəb demək olar ki, həmişə SPF, DKIM və DMARC qeydlərinin olmamasıdır. Bunlar olmayanda Gmail və Outlook sizin domeninizdən gələn məktuba inanmır.
İkinci səbəb: saytın əlaqə forması məktubu hostinqin öz funksiyası ilə göndərir. Düzgün yol — SMTP ilə göndərməkdir.
Müddətin bitməsi
Domen illikdir və müddəti bitəndə sayt dərhal söner. Təcrübəmdə saytların dayanma səbəbləri arasında bu birinci yerdədir — unudulur, çünki ildə bir dəfə olur.
- Avtomatik yeniləməni aktivləşdirin
- Qeydiyyatçıdakı e-poçtun işlək olduğundan əmin olun — xəbərdarlıq ora gəlir
- Müddəti təqvimə yazın
- Vacib domenləri 2–3 illik alın
Müddət bitəndən sonra adətən 30 günlük bərpa müddəti olur, amma bu, qeydiyyatçıdan asılıdır və bəzən əlavə ödənişlidir.