ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · Təhlükəsizlik

Sayt hack olunub: ilk bir saat

Bu vəziyyətdə ən çox zərər panikadan dəyir — adam faylları silir, saytı söndürür, təsadüfi plugin qurur və həm sübutları, həm bərpa imkanını itirir. Sıra ilə gedək.

Əvvəlcə: həqiqətənmi hack olunub?

Bəzi əlamətlər hack kimi görünür, amma başqa səbəbi var. Əsl yoluxma əlamətləri bunlardır:

  • Google axtarışda saytın altında «Bu sayt zərər verə bilər» yazısı
  • Sayta girəndə başqa ünvana yönləndirilmək — xüsusən yalnız telefonda
  • Saytda sizin qoymadığınız səhifələr: dərman, qumar, ucuz brend
  • Admin panelində tanımadığınız istifadəçi
  • Hostinqdən spam göndərildiyinə dair bildiriş
  • Fayl tarixlərinin hamısının bir neçə gün əvvələ dəyişməsi
  • Google Search Console-da «Təhlükəsizlik problemləri» bildirişi

İlk 15 dəqiqə

  1. Heç nə silməyin. Nə fayl, nə istifadəçi, nə məktub. Hamısı həm sübutdur, həm də hücumun necə girdiyini tapmağa kömək edir.
  2. Saytı tamamilə söndürməyin. Baxım rejiminə salmaq olar, amma silmək və ya hostinqdən tam çıxarmaq sonrakı təmizləməni çətinləşdirir.
  3. Dərhal ehtiyat nüsxə alın — yoluxmuş halda belə. Bu nüsxə təmizləmə zamanı nəsə səhv getsə, həyat qurtarır.
  4. Bütün şifrələri dəyişin: WordPress admin, hostinq (cPanel), FTP/SFTP, baza. Eyni şifrəni başqa yerdə işlədirsinizsə, orada da dəyişin.
  5. Bütün seansları bağlayın — WordPress-də istifadəçi profilindən «digər cihazlardan çıxış» düyməsi var.

İlk bir saat

  1. İstifadəçi siyahısını yoxlayın. Tanımadığınız administrator varsa — silməyin, əvvəlcə ekran şəklini çəkin, sonra səlahiyyətini endirin.
  2. Son dəyişdirilən faylları çıxarın. Hostinq fayl menecerində faylları dəyişdirilmə tarixinə görə sıralayın. Bu, yoluxmanın nə vaxt başladığını göstərir.
  3. Giriş jurnalına (access log) baxın. Hücumun hansı ünvandan və hansı fayl üzərindən keçdiyi çox vaxt orada görünür.
  4. Hostinqə xəbər verin. Əgər sizə hələ xəbərdarlıq gəlməyibsə də — onlar serverin qalan hissəsini yoxlaya bilər, bəzən mənbə başqa saytdır.
  5. Google Search Console-u yoxlayın. «Təhlükəsizlik problemləri» bölməsi Google-ın nə gördüyünü dəqiq göstərir.
  6. Ödəniş və müştəri məlumatı varsa — hansı bazaya toxunulduğunu ayrıca aydınlaşdırın. Müştəri məlumatı sızıbsa, onları xəbərdar etmək həm düzgün, həm də bəzi hallarda məcburidir.

Ən çox edilən səhv: görünən zərəri təmizləyib işi bitmiş saymaq. Hücum edən demək olar ki, həmişə bir neçə arxa qapı qoyur — gizli fayl, saxta admin hesabı, cron tapşırığı. Yalnız üst qatı təmizləsəniz, sayt bir neçə gündən sonra yenidən yoluxur və bu dəfə daha dərindən.

Təmizləmənin düzgün ardıcıllığı

  1. Tam nüsxə (fayllar + baza)
  2. Yoluxmanın yerinin müəyyən edilməsi: fayllarda, bazada, yoxsa server ayarlarında
  3. WordPress sistem fayllarının orijinalı ilə əvəzlənməsi
  4. Plugin və şablonların təmiz nüsxələrlə yenilənməsi
  5. Bazadakı zərərli kodun təmizlənməsi — xüsusən wp_options və yazı məzmunlarında
  6. Arxa qapıların axtarılması və silinməsi
  7. Giriş yolunun — yəni hücumun keçdiyi boşluğun bağlanması
  8. Bütün şifrələrin yenidən dəyişdirilməsi (təmizlənmiş sistemdə)
  9. Google-a yenidən baxış sorğusunun göndərilməsi

Köhnə nüsxədən bərpa etmək işə yarayırmı?

Bəzən bəli, amma iki şərtlə. Birincisi: nüsxə yoluxmadan əvvələ aid olmalıdır — çox vaxt yoluxma aşkar olunandan həftələr əvvəl baş verir, yəni «dünənki nüsxə» də yoluxmuş ola bilər. İkincisi: bərpadan sonra boşluq bağlanmalıdır, yoxsa eyni hücum təkrarlanır.

Ona görə təmiz nüsxədən bərpa yalnız birinci addımdır, son addım deyil.

Niyə məhz sizin saytınız

Bu sualı demək olar ki, hər müştəri verir: «mənim saytım kiçikdir, kimə lazımam?» Cavab odur ki, hücumların böyük hissəsi adama görə deyil, zəifliyə görə olur. Avtomatik botlar internetdə məlum boşluqları axtarır: köhnə plugin versiyası, zəif şifrə, açıq qalmış fayl. Sizin saytınız bu meyarlardan birinə uyğun gəlibsə, kifayətdir.

Ən çox görülən üç giriş yolu: köhnə plugin, zəif şifrə, eyni hesabda duran başqa yoluxmuş sayt.

Təmizlədikdən sonra

  • Bütün plugin və şablonları yeniləyin, işlənməyənləri silin — söndürmək kifayət etmir
  • Avtomatik ehtiyat nüsxə qurun və nüsxəni saytdan kənarda saxlayın
  • İkiaddımlı doğrulama qurun
  • Giriş cəhdlərinə limit qoyun
  • İstifadəçi adı kimi admin işlətməyin
  • PHP versiyasını güncəl saxlayın
  • Bir hostinq hesabında köhnə, baxılmayan saytlar saxlamayın

Tez-tez verilən suallar

Təmizləmə nə qədər vaxt aparır?

Sadə hallarda bir neçə saat, ağır hallarda bir-iki gün. Google-dan xəbərdarlığın götürülməsi əlavə bir neçə gün çəkir — bu hissə artıq Google-ın tərəfindədir.

Təhlükəsizlik plugini quraşdırsam kifayətdirmi?

Yoluxmadan əvvəl — faydalıdır. Yoluxmadan sonra — yox. Plugin-lər arxa qapıların hamısını tapmır və bəzi yoluxma növlərini ümumiyyətlə görmür.

Hostinq hesabım bağlanıb, nə edim?

Hostinqə yazıb təmizləmə üçün müvəqqəti giriş istəyin — bu adi praktikadır və adətən açırlar. Təmizləmədən sonra hesabat göndərilir və hesab bərpa olunur.

Google xəbərdarlığı nə vaxt götürülür?

Təmizləmə bitdikdən və Search Console-dan yenidən baxış sorğusu göndərildikdən sonra adətən bir neçə gün ərzində. Sayt hələ də yoluxubsa, sorğu rədd olunur.

Təcili kömək lazımdırsa

Söhbətdə «təcili» yazın — iş saatından kənarda da baxıram. Əvvəlcə sayt qaldırılır, səbəb sonra araşdırılır.

Davamı