ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · WordPress

Admin paneli müştəri üçün sadələşdirmək

Sayt təhvil verilir, müştəri panelə girir və 40 menyu bəndi görür. Çaşır, nəyisə səhv basır, sonra sizə zəng edir. Bu, texniki problem deyil — quruluş problemidir.

Problem nədir

WordPress paneli developer üçün qurulub: plugin ayarları, kod redaktoru, versiyalar, alətlər, sağlamlıq hesabatı. Müştəriyə isə adətən üç şey lazımdır — yazı əlavə etmək, şəkil yükləmək, bir mətn dəyişmək.

Qalan hər şey ona maneədir və bəzən təhlükədir: plugin söndürmək, şablon faylını redaktə etmək, yeniləmə basmaq — hamısı bir neçə klikdədir.

Nəyi gizlətmək

  • Görünüş → Redaktor — şablon faylının paneldən redaktə edilməsi. Bu, saytı bir kliklə sındırmağın ən qısa yoludur.
  • Plugin-lər — müştərinin plugin söndürməsinə və ya yeni plugin qurmasına ehtiyac yoxdur.
  • Alətlər və sağlamlıq hesabatı
  • Yeniləmə bildirişləri — baxımı siz aparırsınızsa, müştəri bunları görüb narahat olmasın
  • Lazımsız vidjetlər — «WordPress xəbərləri», «Tez qaralama» bloku
  • İşlənməyən yazı növləri — şərhlər, portfolio və sair, əgər saytda yoxdursa

Rol əsaslı görünüş

Ən düzgün həll bütün menyuları silmək deyil — rola görə fərqləndirməkdir. Müştəri sadələşdirilmiş panel görür, siz isə öz hesabınızla girəndə tam klassik paneli. Beləliklə nə müştəri çaşır, nə də sizin işiniz məhdudlaşır.

Redaksiya və ya bir neçə nəfərin işlədiyi saytda bu daha da vacibdir: müxbir yalnız yazı bölməsini görsün, redaktor təsdiq imkanı olsun, administrator hər şeyə çıxsın.

Brendləmə

Agentlik və ya sərbəst developersinizsə, müştəriyə təhvil verdiyiniz panelin sizin brendinizlə görünməsi peşəkar təsir bağışlayır:

  • Giriş səhifəsində öz loqonuz və fon şəkli
  • Panelin rəng sxemi
  • Altlıqda «WordPress-ə görə təşəkkürlər» əvəzinə sizin əlaqə məlumatınız
  • Köməyə ehtiyac olanda kimə yazılacağının göz önündə olması

Bu, həm müştəri üçün rahatdır (kimə zəng edəcəyini axtarmır), həm də sizin üçün təkrar sifariş mənbəyidir.

Öz alətim: bu işi hər layihədə əldən etməmək üçün Rundizayn Admin plugin-ini yazmışam — 5 hazır üslub və öz rəngləriniz, 6 şrift seçimi, qaranlıq rejim, öz giriş səhifəniz (loqo, fon, rənglər), menyuların gizlədilməsi və rol əsaslı görünüş: müştəriyə yeni panel, özünüzə klassik.

Təhvil zamanı

Panel nə qədər sadələşdirilsə də, təhvil zamanı iki şey lazımdır:

  1. Qısa video — 5–10 dəqiqə, ekran yazısı ilə: yazı əlavə etmək, şəkil qoymaq, mətn dəyişmək. Müştəri bunu dəfələrlə izləyir və sizə zəng sayı ciddi azalır.
  2. Bir səhifəlik yazılı təlimat — girişlər, ən çox lazım olan 5 əməliyyat, problem olanda kimə yazmaq.

Təhlükəsizlik tərəfi

Sadələşdirmə eyni zamanda təhlükəsizlik tədbiridir: müştəri təsadüfən plugin söndürə, şablon faylını poza və ya kritik ayarı dəyişə bilmir. Buna əlavə olaraq rolların düzgün verilməsi lazımdır — hər işçiyə administrator hesabı vermək ən çox rast gəldiyim səhvdir.

İşdən çıxan əməkdaşın hesabının dərhal bağlanması da buraya aiddir — yoluxmaların bir hissəsi məhz unudulmuş hesablardan gəlir.

Tez-tez verilən suallar

Menyuları gizlətsəm, müştəri lazım olanı tapa bilməzmi?

Əksinə — az bənd olanda tapmaq asanlaşır. Əsas odur ki, ona həqiqətən lazım olan bölmələr qalsın: yazılar, səhifələr, media və əlaqə ayarları.

Müştəri sonradan tam panelə ehtiyac duysa?

Rol əsaslı quruluşda bu, bir ayarla açılır. Heç nə silinmir, sadəcə gizlədilir.

Bu, saytı yavaşladırmı?

Yox. Dəyişikliklər yalnız admin tərəfdədir, ziyarətçinin gördüyü səhifəyə təsir etmir.

Müştəri paneli ilə probleminiz var?

Nə lazım olduğunu yazın — hansı quruluşun uyğun olduğunu deyim.

Davamı