ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · SEO

Şəkillərə alt mətn

Alt mətn şəkil yüklənmədikdə görünən yazı deyil yalnız — o, həm görmə məhdudiyyəti olan istifadəçi üçün şəklin özüdür, həm də axtarış sisteminin şəkli anlamasının yeganə yoludur.

Alt mətn nədir

Şəklin HTML kodundakı alt xüsusiyyətidir — şəkli sözlə təsvir edən qısa mətn. Üç yerdə işləyir:

  • Ekran oxuyucularında — görmə məhdudiyyəti olan istifadəçi şəkli alt mətn vasitəsilə «görür». Bu, əlçatanlığın əsas elementidir.
  • Şəkil yüklənmədikdə — zəif internetdə və ya ünvan sınıq olduqda.
  • Axtarış sistemində — Google şəkli tanıyır, amma onun kontekstini alt mətndən öyrənir. Google Şəkillər axtarışından gələn trafikin əsas şərti budur.

Necə yazılır

Qayda sadədir: şəkildə nə varsa onu yazın, açar söz yığmayın.

PisYaxşı
IMG_20260412_153422.jpgQara dəri divan açıq rəngli qonaq otağında
sayt hazırlanması Bakı ucuz sayt sifarişiXəbər portalının idarəetmə paneli
şəkilTəmirdən əvvəl və sonra: mətbəx

Uzunluq: bir cümlə kifayətdir, 125 simvola qədər. Daha uzunu ekran oxuyucularında kəsilir.

Nə vaxt boş qoyulmalıdır

Bu, az bilinən, amma vacib qaydadır: tamamilə bəzək məqsədli şəkillərin alt mətni boş olmalıdır (alt=""), silinməməli. Ayırıcı xətlər, fon naxışları, dekorativ ikonlar belədir.

Səbəb: ekran oxuyucusu boş alt mətnli şəkli keçib gedir. Alt mətn ümumiyyətlə yoxdursa isə fayl adını oxuyur — nəticədə istifadəçi «IMG underscore 2026 underscore 0412» eşidir.

Məhsul şəkilləri

Mağazada alt mətn birbaşa satışa təsir edir, çünki Google Şəkillər vasitəsilə məhsul tapılır. Düzgün quruluş: məhsulun adı + fərqləndirici xüsusiyyət. «Qırmızı qadın çantası, dəri, çiyin qayışı ilə» — «çanta» yox.

Hər variasiyanın (rəng, ölçü) öz şəkli və öz alt mətni olmalıdır.

Mövcud saytda boş alt mətnlər

Bir neçə illik saytda adətən minlərlə şəkil olur və onların böyük hissəsinin alt mətni boşdur. Hamısını əl ilə doldurmaq real deyil.

Praktik ardıcıllıq:

  1. Ölçün — neçə faizinin alt mətni var. Bu rəqəm işin həcmini göstərir.
  2. Prioritet verin — əvvəlcə ən çox baxılan səhifələrin və məhsulların şəkilləri.
  3. Fayl adından başlanğıc təklif alın — fayl adı mənalıdırsa, ondan ilkin variant çıxarmaq olar, sonra redaktə edilir.
  4. Toplu doldurun — seçilmişlərin hamısına bir kliklə.

Bu iş üçün Media Library Auditor plugin-ini yazmışam: alt mətni, başlığı və altyazısı olmayan şəkilləri tapır, əhatə faizini bir rəqəmdə göstərir, sətir içi redaktə ilə doldurmağa imkan verir (yazıb başqa yerə kliklədikdə avtomatik saxlanır), fayl adından ağıllı təklif verir — ölçü və hash hissələri təmizlənərək. Həmçinin istifadə olunmayan və həddən böyük şəkilləri də göstərir.

Alt mətn, başlıq və altyazı

WordPress-də şəklin dörd sahəsi var və onlar qarışdırılır:

  • Alt mətn — şəklin təsviri. Ən vacibi.
  • Başlıq (title) — siçanı üstünə gətirəndə görünür. SEO dəyəri azdır.
  • Altyazı (caption) — şəklin altında görünən mətn. Foto müəllifi və izah üçün.
  • Təsvir — media səhifəsində. Əksər saytda lazım deyil.

Vaxtınız məhduddursa, yalnız alt mətnlə məşğul olun.

Tez-tez verilən suallar

Alt mətnə açar söz yazmaq olarmı?

Təbii şəkildə şəkli təsvir edirsə — bəli. Amma açar söz yığmaq (keyword stuffing) əks təsir verir və əlçatanlığı da pozur.

Alt mətn Azərbaycan dilində olmalıdırmı?

Saytın dilində. Çoxdilli saytda hər dil versiyasında öz dilində olmalıdır.

Loqoya nə yazmalı?

Şirkətin adı. Əgər loqo ana səhifəyə keçiddirsə, «[Şirkət adı] — ana səhifə» şəklində yazmaq daha düzgündür.

Saytınızın alt mətn vəziyyəti

Ünvanı yazın — şəkillərin neçə faizində alt mətn olduğunu ölçüb deyim.

Davamı