ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · Sürət

WordPress şəkillərini WebP-yə çevirmək

Saytların çoxunda səhifə ağırlığının 70–80%-i şəkillərdir. WebP eyni şəkli 60–80% yüngül edir və gözlə fərq görünmür. Bu, sürət üçün edə biləcəyiniz ən böyük tək dəyişiklikdir.

WebP nədir

Google tərəfindən hazırlanmış şəkil formatıdır. JPEG və PNG ilə müqayisədə eyni görüntünü xeyli kiçik faylda saxlayır. Bu gün bütün müasir brauzerlər onu dəstəkləyir, ona görə uyğunluq artıq problem deyil.

Praktik rəqəm: telefonla çəkilmiş 4 meqabaytlıq foto düzgün ölçüləndirmə və WebP çevirmədən sonra adətən 200–400 kilobayt olur. Yəni on dəfədən çox fərq.

İki ayrı iş var

Bunları qarışdırmaq ən çox edilən səhvdir:

  1. Yeni yüklənən şəkillər — bundan sonra sayta qoyulan hər şəkil avtomatik çevrilməlidir. Bu, davamlı işləyən quruluşdur.
  2. Mövcud media kitabxana — saytda artıq minlərlə şəkil var və onlar köhnə formatdadır. Bu, bir dəfəlik toplu əməliyyatdır.

Yalnız birincisini qursanız, köhnə səhifələr yenə ağır qalır. Yalnız ikincisini etsəniz, sabah yüklənən şəkil yenidən ağır olur. Hər ikisi lazımdır.

Əvvəlcə ölçü, sonra format

Bu ardıcıllıq vacibdir. 4000 piksel enində fotonu WebP-yə çevirmək onu yüngülləşdirir, amma hələ də lazımsız böyük qalır — çünki saytda o, 1200 piksellik yerdə göstərilir.

Düzgün yol: əvvəlcə maksimum ölçü limiti qoyun (adətən 1920 və ya 2560 piksel kifayətdir), sonra WebP-yə çevirin. Bu iki addım birlikdə ən böyük qazancı verir.

Keyfiyyət səviyyəsi

WebP-də keyfiyyət 0–100 arasında tənzimlənir. Praktikada 80–85 ən yaxşı nisbətdir: fayl ölçüsü ciddi azalır, fərq gözlə görünmür. 70-dən aşağı düşəndə detallarda itki görünməyə başlayır — xüsusən gradient və kölgələrdə.

İstisna: məhsul şəkilləri və portfolio qalereyaları. Orada 85–90 saxlamaq daha məqsədəuyğundur, çünki şəkil satışın özüdür.

Nəyə diqqət etmək lazımdır

  • Orijinallar saxlanılsın. Çevirmədən sonra geri qayıtmaq lazım gələ bilər. Orijinalı silən alətlərdən çəkinin və ya əvvəlcə ehtiyat nüsxə alın.
  • Bütün ölçülər çevrilsin. WordPress hər şəkildən bir neçə ölçü yaradır (thumbnail, medium, large). Hamısı çevrilməlidir, yoxsa qazanc yarımçıq qalır.
  • Yazıların içindəki ünvanlar yenilənsin. Şəkil çevrilir, amma yazının HTML-ində köhnə .jpg ünvanı qalırsa, ziyarətçi yenə köhnə faylı yükləyir.
  • WebP böyük çıxarsa, işlədilməsin. Nadir hallarda (çox sadə qrafika, şəffaf PNG) WebP orijinaldan böyük olur. Yaxşı alət belə halda çevirməni tətbiq etmir.
  • Zəif hostinqdə partiyalarla işləyin. Minlərlə şəkli bir anda çevirmək serveri bağlaya bilər.
  • EXIF məlumatı. Telefon fotolarında yerləşmə məlumatı olur — çevirmə zamanı onu təmizləmək həm faylı kiçildir, həm də məxfilik üçün düzgündür.

Öz alətlərim: bu iki işi ayrı-ayrı həll etmək üçün iki plugin yazmışam. RunConvert sayta yüklənən hər şəkli yükləmə anında avtomatik çevirir — bütün ölçüləri, keyfiyyət tənzimlənən, maksimum ölçü limiti ilə. RunConvertAll isə onun hər şeyini daşıyır və əlavə olaraq mövcud bütün media kitabxananı partiyalarla çevirir, yazıların içindəki şəkil ünvanlarını da yeniləyir, orijinalları arxivdə saxlayır.

Nəticəni necə ölçmək

Çevirmədən əvvəl və sonra PageSpeed Insights-da ölçün. Baxılacaq göstərici ümumi bal deyil — səhifənin ümumi ağırlığı və ən böyük məzmun elementinin yüklənmə vaxtı (LCP). Şəkillər düzgün çevrilibsə, hər ikisi gözlə görünəcək qədər yaxşılaşır.

Sürətlə bağlı digər addımları ayrıca yazıda sadalamışam — WebP birincidir, amma tək deyil.

Tez-tez verilən suallar

Köhnə brauzerlərdə şəkillər görünməyəcəkmi?

Bu gün praktiki olaraq problem deyil — bütün müasir brauzerlər WebP dəstəkləyir. Yaxşı alətlər hər halda ehtiyat variant saxlayır: dəstəkləməyən brauzerə köhnə format verilir.

Şəkilləri çevirsəm SEO-ya zərər verərmi?

Əksinə, fayda verir — sürət sıralama amilidir. Şərt odur ki, şəkil ünvanları düzgün yenilənsin və köhnə ünvanlar sınıq qalmasın.

AVIF formatı daha yaxşı deyilmi?

AVIF daha kiçik fayl verir, amma çevirmə serverdə daha çox resurs tələb edir və bəzi hostinqlərdə dəstəklənmir. Əksər sayt üçün WebP hələ də ən praktik seçimdir.

Şəkilləriniz nə qədər ağırdır?

Saytın ünvanını yazın — ölçüb nə qədər qazanc mümkün olduğunu deyim.

Davamı