ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · SEO

Saytdakı sınıq linkləri tapmaq

Sınıq link ziyarətçini boş səhifəyə aparır, Google-a isə saytın baxımsız olduğunu bildirir. Problem budur ki, onlar özü bildirmir — siz axtarmasanız, illərlə qalır.

Niyə yaranır

  • Səhifə silinib və ya ünvanı dəyişib, ona gedən linklər isə qalıb
  • Yazının başlığı dəyişib — WordPress ünvanı avtomatik dəyişmir, amma əl ilə dəyişilib
  • Xarici sayt bağlanıb və ya strukturunu dəyişib
  • Şəkil media kitabxanasından silinib
  • Sayt https-ə keçib, daxili linklər isə http qalıb
  • Köçürmədən sonra ünvanlar köhnə domenə baxır

Nə zərər verir

Ziyarətçi üçün: boş səhifəyə düşən adamın böyük hissəsi geri qayıtmır, saytı tərk edir.

Google üçün: çoxlu 404 saytın baxımsız olduğunu göstərir. Daha vacibi — başqa saytlardan sizə gələn link sınıq səhifəyə düşürsə, onun dəyəri tam itir.

Daxili bağlantı üçün: saytın öz səhifələri bir-birinə düzgün bağlanmayanda, axtarış sistemi onları çətin tapır və əhəmiyyətini düzgün qiymətləndirə bilmir.

Necə tapmaq

  1. Google Search Console — «Səhifələr» hesabatında «Tapılmadı (404)» bölməsi. Burada Google-un özünün gördüyü sınıq ünvanlar var. Ən etibarlı mənbədir.
  2. Serverin 404 jurnalı — real ziyarətçilərin hansı mövcud olmayan ünvanlara düşdüyünü göstərir. Çox vaxt orada gözlənilməz şeylər çıxır: köhnə reklam ünvanları, səhv yazılmış linklər.
  3. Tarama alətləri — saytı başdan-sona gəzib hər linki yoxlayan proqramlar.

Necə düzəltmək

Hər sınıq link üçün üç variantdan biri seçilir:

  • Ünvanı düzəlt — səhifə mövcuddur, sadəcə link səhv yazılıb. Ən sadə hal.
  • 301 yönləndirmə qur — səhifə silinib, amma yaxın məzmunu olan başqa səhifə var. Köhnə ünvan ona yönləndirilir. Xaricdən gələn linkin dəyəri bu yolla qorunur.
  • Linki sil — qarşılığı yoxdur və yönləndiriləcək yer də yoxdur.

Hər 404-ü ana səhifəyə yönləndirməyin. Bu, geniş yayılmış səhvdir. Google bunu «yumşaq 404» kimi qiymətləndirir və ziyarətçi üçün də qıcıqlandırıcıdır: o, konkret məhsul axtarırdı, ana səhifəyə düşdü. Yaxın məzmun yoxdursa, düzgün 404 səhifəsi göstərmək daha doğrudur.

404 səhifəsinin özü

Sınıq linkləri tam aradan qaldırmaq mümkün deyil — kimsə ünvanı səhv yazacaq, kimsə köhnə link paylaşacaq. Ona görə 404 səhifəsi işlək olmalıdır:

  • Aydın izah: bu səhifə yoxdur
  • Axtarış sahəsi
  • Əsas bölmələrə keçidlər
  • Əlaqə düyməsi
  • Saytın öz dizaynında — serverin standart ağ səhifəsi yox

Davamlı nəzarət

Bir dəfə təmizləmək kifayət etmir — sınıq linklər daim yaranır. Ayda bir dəfə yoxlamaq və ya avtomatik yoxlama qurmaq lazımdır.

Bu iş üçün WP Link Inspector adlı plugin yazmışam: bütün yazı və səhifələri tarayır, hər linki yoxlayır, 404 və yönləndirmə dövrələrini tapır, qarışıq məzmunu (https səhifədə http link) aşkarlayır. Toplu düzəliş var — ünvanı dəyişmək, linki silmək və ya nəzərə almamaq. 404 jurnalından bir kliklə 301 yönləndirmə qurulur və həftəlik avtomatik yoxlama nəticəsini e-poçtla göndərir.

Tez-tez verilən suallar

Neçə 404 çox sayılır?

Konkret rəqəm yoxdur. Əsas məsələ odur ki, ziyarətçilərin real düşdüyü və xaricdən link gələn ünvanlar sınıq qalmasın. Heç kimin girmədiyi köhnə ünvanın 404 verməsi problem deyil.

301, yoxsa 302 yönləndirmə?

Səhifə həmişəlik köçübsə — 301. Müvəqqəti haldırsa — 302. SEO baxımından dəyəri ötürən 301-dir, ona görə əksər halda o işlədilir.

Xarici sayt bağlanıb, nə edim?

Ya linki silin, ya da oxşar mənbəyə yönəldin. Mənbə vacibdirsə, Wayback Machine arxivinə keçid verə bilərsiniz.

Saytınızda neçə sınıq link var?

Ünvanı yazın — tarayıb nəticəni göndərim.

Davamı