ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · E-ticarət

Məhsul CSV faylını idxaldan əvvəl yoxlamaq

1400 məhsulu idxal edib sonra səhvi görmək ən pis ssenaridir: geri qaytarmaq çətin, əl ilə düzəltmək günlərlə iş. Yoxlama idxaldan əvvəl aparılmalıdır.

1. Təkrarlanan SKU-lar

Ən çox zərər verən problemdir. Faylın içində eyni SKU iki dəfə varsa, idxal zamanı biri digərinin üstünə yazılır — yəni bir məhsul sadəcə yox olur. Daha pisi: faylın SKU-su saytda artıq mövcud olan başqa məhsulunkuna uyğun gələrsə, mövcud məhsul üzərinə yazılır.

Yoxlama iki istiqamətdə aparılmalıdır: faylın öz içində və saytdakı məhsullara qarşı.

2. Səhv qiymətlər

Ən çox rast gəlinənlər:

  • Qiymət sahəsində mətn — «razılaşma ilə», «zəng edin»
  • Vergül və nöqtə qarışıqlığı — 1,500 bəzi sistemdə 1.5 kimi oxunur
  • Mənfi və ya sıfır qiymət
  • Endirim qiyməti adi qiymətdən böyük — saytda «endirim» nişanı çıxır, amma bahadır
  • Valyuta simvolunun qiymətin içində qalması

3. Variasiya problemləri

Ölçü və rəng variasiyaları olan məhsullarda ən çox səhv buradadır:

  • Variasiya sətri var, amma valideyn məhsul faylda yoxdur
  • Variasiyanın atributu boşdur — hansı ölçü olduğu bilinmir
  • Valideyn məhsulda atribut «variasiya üçün istifadə olunur» kimi işarələnməyib
  • Eyni variasiya iki dəfə təkrarlanır

Nəticə: məhsul saytda görünür, amma səbətə əlavə edilmir — müştəri səbəbini bilmir, sadəcə gedir.

4. Kodlaşdırma

Azərbaycan dilində bu, ayrıca bəladır. Excel-dən CSV kimi saxlanan fayl çox vaxt UTF-8 olmur və nəticədə ə, ğ, ş, ı, ö, ü hərfləri pozulur: «Köynək» → «KöynÉ™k».

İdxaldan sonra bunu düzəltmək minlərlə məhsulda əl işi deməkdir. Faylı UTF-8 olaraq saxlamaq idxaldan əvvəl yoxlanmalıdır.

5. Şəkil ünvanları

  • Ünvan açılmır — idxal zamanı məhsul şəkilsiz qalır
  • Ünvanlar boşluq və ya Azərbaycan hərfi daşıyır — kodlaşdırılmalıdır
  • Şəkillər çox böyükdür — idxal uzanır və server limitə çatır
  • Bir neçə şəkil varsa, ayırıcının düzgün olması (vergül, yoxsa boru işarəsi)

6. Qalan tipik səhvlər

  • Anbar sahəsi — boşdursa, məhsul «anbarda yoxdur» kimi düşə bilər
  • Kateqoriya adları — faylda olan ad saytdakı ilə hərfi-hərfinə üst-üstə düşmürsə, yeni kateqoriya yaranır və kataloq ikiləşir
  • Çəki və ölçü — çatdırılma hesablanmasında işlənirsə, boş qalmamalıdır
  • Təsvir sahəsində HTML — bağlanmamış teq bütün səhifənin düzümünü pozur

Əsas qayda: böyük idxaldan əvvəl mütləq bazanın ehtiyat nüsxəsini alın və idxalı əvvəlcə 10 məhsulla sınayın. Nəticə qaydasındadırsa, qalanını idxal edin. Bu iki addım gün yarımlıq işi qurtarır.

Yoxlamanı avtomatlaşdırmaq

Yuxarıdakıları hər dəfə əl ilə yoxlamaq mümkün deyil — xüsusən fayl minlərlə sətirdirsə. Bu iş üçün CatalogGuard plugin-ini yazmışam: faylı idxaldan əvvəl yoxlayır, təkrarlanan SKU-ları həm faylın içində, həm saytda tapır, səhv qiymətləri, variasiya problemlərini və kodlaşdırma xətalarını göstərir, şəkil ünvanlarının açılıb-açılmadığını yoxlayır. Nəticədə təmizlənmiş CSV yükləyirsiniz — vergül/nöqtə, boşluq və təkrarlar düzəldilmiş halda.

Tez-tez verilən suallar

İdxal yarıda kəsildi, nə etməli?

Əvvəlcə nə qədər məhsulun keçdiyini müəyyənləşdirin. Yarımçıq idxalı təkrarlamaq təkrar məhsul yaradır — ona görə ya bazanı nüsxədən bərpa edin, ya da faylın qalan hissəsini ayrıca idxal edin.

Excel-dən CSV-ni necə düzgün saxlamalı?

«CSV UTF-8 (vergüllə ayrılmış)» formatını seçin. Adi «CSV» variantı Azərbaycan hərflərini pozur.

Qiymətləri toplu yeniləmək üçün də CSV işlədilə bilərmi?

Bəli, amma yalnız SKU və qiymət sütunları ilə. Tam faylı yenidən idxal etmək digər sahələri də üstündən yazır — bu, çox vaxt istənilməyən nəticə verir.

İdxalda problem yaşayırsınız?

Faylı və saytın ünvanını yazın — baxıb nəyin səhv getdiyini deyim.

Davamı