ruN ruN DizaynMəhəmməd Türkmən
Bloq · E-ticarət

WooCommerce sifariş formasını sadələşdirmək

Standart WooCommerce forması Amerika ünvan sistemi üçün qurulub. Azərbaycanda o, müştəriyə lazımsız suallar verir və hər lazımsız sual sifarişin bir hissəsini aparır.

Hansı sahələr artıqdır

Standart formada Azərbaycan üçün demək olar ki, həmişə lazımsız olanlar:

  • Şirkət adı — fiziki şəxslərin hamısı üçün artıqdır. Yalnız hüquqi şəxs sifariş verəndə lazımdır, yəni şərtə bağlı göstərilməlidir.
  • Ünvan sətri 2 — praktikada boş qalır, amma formada yer tutur.
  • Əyalət / ştat — bizdə qarşılığı yoxdur, müştərini çaşdırır.
  • Poçt indeksi — Azərbaycanda çatdırılma üçün demək olar ki, işlənmir.
  • Ölkə seçimi — yalnız ölkə daxilində satırsınızsa, tamamilə gizlədilə bilər.
  • E-poçt — bəzi mağazalarda məcburi saxlamağın mənası yoxdur; telefon kifayətdir.

Nə əlavə olunmalıdır

  • Rayon və ya qəsəbə seçimi — çatdırılma qiyməti buna bağlıdırsa, siyahıdan seçim daha etibarlıdır
  • VÖEN — yalnız «şirkət adına» seçiləndə görünən sahə
  • Telefon yoxlaması — +994 formatı və operator kodunun düzgünlüyü
  • Çatdırılma vaxtı — səhər/axşam seçimi zəng sayını azaldır
  • Qeyd sahəsi — «mərtəbə, domofon, orientir» kimi praktik məlumat üçün

Sahələrin sayı niyə bu qədər vacibdir

Onlayn satışda ümumi qayda belədir: formadakı hər əlavə sahə doldurulmanı azaldır. Müştəri səbətə qədər gəlibsə, artıq almaq qərarı verib — bundan sonrakı hər maneə itki deməkdir.

Praktik ölçü: sifarişin tamamlanması üçün həqiqətən lazım olan məlumat ad, telefon, ünvandır. Qalan hər şey ya şərtə bağlı olmalı, ya da sonradan zənglə dəqiqləşdirilməlidir.

Gizlədilən sahə məcburi qalmamalıdır. Bu, texniki incəlikdir və çox vaxt gözdən qaçır: sahəni CSS ilə gizlətsəniz, WooCommerce onu hələ də məcburi sayır və sifariş «bu sahə boşdur» xətası ilə dayanır. Sahə həm görünüşdən, həm də yoxlamadan çıxarılmalıdır — həm də serverdə, yalnız brauzerdə yox.

Şərtə bağlı sahələr

Ən praktik yanaşma budur: sahə yalnız lazım olanda görünsün.

  • VÖEN — «şirkət adına sifariş» seçiləndə
  • Çatdırılma ünvanı — «mağazadan götürmə» seçilibsə, gizlənsin
  • Rayon üzrə əlavə məlumat — yalnız həmin rayon seçiləndə
  • Ödəniş üsuluna görə fərqli sahələr — köçürmədə hesab məlumatı, nağdda yox

Bunu necə etmək

Üç yol var. Birincisi — şablonun functions.php faylına kod yazmaq: pulsuzdur, amma yeniləmədə itə bilər və hər dəyişiklik üçün kod lazımdır. İkincisi — səhifə qurucusu ilə formanı yenidən qurmaq: çevikdir, amma ağırdır və WooCommerce yeniləmələri ilə uyğunsuzluq yaradır. Üçüncüsü — bu işi görən plugin.

Üçüncü yol üçün RunCheckout Fields adlı plugin yazmışam: standart sahələri gizlətmək, adlandırmaq, məcburi etmək və sürüşdürüb sıralamaq; öz sahələrinizi əlavə etmək (mətn, siyahı, tarix, qeyd xanası); 10 mənbəli şərt sistemi — ölkə, ödəniş üsulu, səbət məbləği, məhsul, istifadəçi rolu. Azərbaycan üçün hazır yoxlama da var: VÖEN və +994 telefon formatı. Gizli sahə serverdə də məcburi sayılmır — yuxarıdakı tələ aradan qaldırılıb.

Formadan sonra

Sifariş alındıqdan sonrakı hissə də eyni dərəcədə vacibdir: bildirişin dərhal gəlməsi, status mərhələləri və müştəriyə status xəbəri. Bunları mağaza saytı səhifəsində yazmışam.

Tez-tez verilən suallar

Sahələri azaltsam, çatdırılma üçün məlumat çatmazmı?

Ad, telefon, rayon və ünvan çatdırılma üçün kifayətdir. Qalan detallar (mərtəbə, domofon) qeyd sahəsində toplanır və ya zəngdə dəqiqləşir.

E-poçtu tamamilə çıxarmaq olarmı?

Texniki olaraq olar, amma sifariş təsdiqi və qəbz üçün poçt faydalıdır. Orta variant: poçtu könüllü etmək, telefonu məcburi saxlamaq.

Bir səhifəlik checkout daha yaxşıdırmı?

Az sahəli mağazada bəli. Çoxmərhələli forma yalnız sahələr həqiqətən çoxdursa məntiqlidir — mərhələlər psixoloji yükü azaldır.

Mağazanızın formasına baxım

Saytın ünvanını yazın — formada hansı sahələrin artıq olduğunu deyim.

Davamı